AKB Qafqaz Universiteti ilə əməkdaşlığı gücləndirir

AKB Qafqaz Universiteti ilə əməkdaşlığı gücləndirir

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində ölkəmizdə işgüzar turizmin inkişafı üzrə strategiyanın həyata keçirilməsi məqsədi ilə yaradılan Azərbaycan Konqreslər Bürosu ölkənin təhsil institutları ilə sıx əməkdaşlığın qurulması istiqamətində daha bir addım atıb. SİA-nın verdiyi məlumata görə, Azərbaycan Konqreslər Bürosu ölkənin aparıcı təhsil müəssisələrindən biri olan Qafqaz Universiteti ilə görüş keçirib. Universitetdə baş tutan görüşdə Büronun nümayəndələri və Universitetin rektor və müəllim heyəti ölkənin turizm sahəsinin inkişafına dair məsələləri müzakirə edib.

Tərəflərin əsas müzakirə mövzusu 2016-cı ilin oktyabr ayında keçirilməsi nəzərdə tutulan İnformasiya və Kommunikasiya Texnologiyalarının Tətbiqi (AICT) üzrə 10-cu Beynəlxalq Konfransına ev sahibliyi etməsi üçün Bakı şəhərinin namizədliyinin irəli sürülməsi olub.

AICT dünyanın müxtəlif ölkələrinin informasiya texnologiyaları və xidmətləri sahəsində çalışan iş adamlarını, tədqiqatçıları, alimləri, proqram təminatı mühəndislərini və yenilikçi ideyaları olan peşəkarları bir araya gətirən bir platformadır.

Hər il bu platforma vasitəsi ilə tədqiqatçılar, aparıcı şirkətlər və görkəmli ekspertlər İKT sahəsindəki biznes və texniki məsələləri müzakirə edir, problemlər, həllər və texnologiyalar üzrə fikir mübadiləsi aparır.

Görüş zamanı Azərbaycan Konqreslər Bürosu və Qafqaz Universiteti bu nüfuzlu tədbirin Bakıda keçirilməsinə nail olmaq üçün hansı işlərin görülməsi gərəkdiyi barədə danışıqlar aparıb. Bu sahədə əsas müzakirə obyekti Büronun Qafqaz Universitetinə tədbirin planlaşdırılması, reallaşdırılması, koordinasiyası kimi təşkilati məsələlərdə necə yardımçı ola biləcəyi olub. Eyni zamanda Universitetin AICT 2016-nın təşkilində elmi cəhətdən verəcəyi dəstək və töhfələr də müzakirə olunub.

İclas zamanı tərəflər qarşılıqlı əməkdaşlığı genişləndirə biləcəkləri sahələr barədə də fikir bildiriblər.

Qeyd etmək gərəkdir ki, daha öncə Azərbaycan Konqreslər Bürosu ölkənin ali təhsil müəssisələri ilə birgə iclas keçirərək Azərbaycanı beynəlxalq aləmdə daha da tanıtmaq yolları barədə müzakirələr aparıb. Dekabr ayında təşkil olunan iclasda ölkəmizdə fəaliyyət göstərən akademiya, universitet və institutların professor-müəllim heyəti iştirak edib.

2013-cü ilin sonlarından fəaliyyətə başlayan Azərbaycan Konqreslər Bürosunun fəaliyyət sahəsinə məhz Azərbaycana irimiqyaslı beynəlxalq tədbirləri cəlb etmək, ölkənin beynəlxalq səviyyəli təyinat məkanı kimi təbliğ etmək və konfrans təşkili sahəsini inkişaf etdirməklə ölkə iqtisadiyyatının mühüm elementi kimi təşviq etmək daxildir.

Azərbaycanı inkişaf edən biznes turizm məkanı kimi təbliğ etmək məqsədilə, Büro dünyanın müxtəlif ölkələri ilə işləyir, hədəf bazarlarla yaxın əlaqə qurur, bazar iştirakçılarını ölkəyə cəlb etmək və bütün maraqlı biznes turizm bazarı iştirakçıları ilə əməkdaşlıq etmək üçün beynəlxalq konqres və seminarlarda iştirak edir.

Bütün xəbərlər Facebook səhifəmizdə