Azərbaycanın tanınmış opera ifaçısı, əməkdar artist, Beynəlxalq müsabiqələr laureatı, Böyük teatrın solisti Elçin Əzizov Nyu-Yorkun "Metropoliten-opera" səhnəsində P.İ.Çaykovskinin "İolanta" operasının premyerasında iştirak edib. SİA-nın verdiyi məlumata görə, Elçin Əzizov dünyanın ən nüfuzlu səhnələrindən birində "İolanta" operasının əsas rollarından biri olan mavritaniyalı həkim Ebn Hakianın partiyasını böyük müvəffəqiyyətlə ifa edib.
Nəzərinizə çatdıraq ki, premyerada Elçin Əzizovla yanaşı dünyanın ən yaxşı opera ifaçılarından olan Anna Netrebko da çıxış edib. Premyerada ABŞ-da səfərdə olan Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də iştirak edib.
Qeyd edək ki, Elçin Əzizov Bakıda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və incəsənət Universitetində təhsil alıb (1997, kino rejissoru; bir neçə kino və teatr tamaşalarına rejissorluq edib). 2005-ci ildən başlayaraq vokal ifaçılığı üzrə bir sıra görkəmli müğənnilərdən dərs almış və təcrübə keçib; o cümlədən, Zalsburq "Mozarteum" Universitetinin Yay akademiyasında (Riçard Millerin sinfi), Bakıda Ş.Məmmədova adına Opera Studiyasında (Azad Əliyevin rəhbərliyi altında) təcrübə keçmiş, Alessandro Mişaşinlə məşğul olmuşdur. 2007-ci ildə Qalina Vişnevskayanın Opera ifaçılığı Mərkəzində (Badri Maysuradzenin rəhbərliyi altında) təcrübəçi və solist olub, Eskamilyo (J.Bize "Karmen") partiyası ilə operada debüt edib. 2008-ci ildən Böyük Teatrın opera truppasının solistidir. Bu teatrda bir sıra maraqlı rollarda çıxış edir. Opera partiyalarını ifa etmək üçün o, başqa şəhərlərə -ÇiliSantyaqo, Varşava, Drezden, Vyana, Tallin, London, Roma opera teatrlarına dəvət almışdır. Beynəlxalq müsabiqələr laureatıdır: Vokalçıların Bülbül adına III Beynəlxalq müsabiqəsinin (Bakı, 2005), Qalina Vişnevskayanın Opera artistləri II Beynəlxalq müsabiqəsinin (Moskva, 2008) laureatıdır. Bakıda keçirilən Rostropoviç Beynəlxalq festivallarında iştirak etmişdir. Beynəlxalq Musiqi xadimləri İttifaqının medalına (2006), "İntellekt" mükafatına (2007) layiq görülmüşdür. Azərbaycan Respublikasının əməkdar artistidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB