Bu gün Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Kino Xidməti İdarəsinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 25-ci il dönümü ilə bağlı "Şəhidlər ölməzdir" adlı tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbir Azərbaycan Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin N saylı hərbi hissəsində baş tutub. Tədbirdə Azərbaycan müstəqilliyi, xalqımızın azadlığı uğrunda canlarını qurban verən qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan Kino Xidməti İdarəsinin rəis müavini Cəmil Xəlilov bu 20 Yanvar faciəsinin 25-ci ildönümünün tamam olduğunu söyləyib. Bildirib ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının müvafiq sərəncamına əsasən, 20 Yanvar şəhidlərinin xatirəsini yad etmək, onların azadlıq mücadiləsini təbliğ etmək məqsədilə müəssisə və təşkilatlarda bir sıra tədbirlər keçirilir.
Tədbirdə çıxış edən Dövlət Sərhəd Xidmətinin (DSX) rəisinin şəxsi heyət üzrə müavini, General-mayor Azad Ələkbərov bildirib ki, bir gün ərzində Bakıda 137 nəfər öldürülüb, 700-dək insan yaralanıb, 800-dən artıq insan qanunsuz həbs edilib. Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olan bu tarix Azərbaycanda misli görünməyən faciəyə gətirib çıxarıb.
Daha sonra millət vəkilləri Aydın Mirzəzadə və Gülçöhrə Məmmədova çıxışlarında 20 Yanvar faciəsinin Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli azadlıq arzusunun oyanış günü olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırıblar. Qeyd olunub ki, uzun illər sovet İmperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz müstəqilliyi uğrunda qəhrəmanlıq, cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Bu tarix həm hüzn, həm də şərəf günü kimi yaddaşlara həkk olunub.
Tədbirdə xalq artisti Flora Kərimova və şairə Gülayə Şınıxlı çıxış ediblər.
Qeyd edək ki, sonda 20 Yanvar faciəsində həsr olunan "Tarixin acısı- Qan yaddaşımız" adlı sənədli film təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB