Azərbaycan Yazıçılar Birliyinin üzvü, bu günlərdə daha bir kitabı ilə oxucuların görüşünə gələn istedadlı gənc yazıçı Səidə Haqverdiyevanın uşaqlar üçün qələmə aldığı "Toplan" pyesi Təbrizin tanınan "Mika" kukla-sənət qrupu teatrında səhnəyə qoyulacaq. Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, 2003-cü ildən müstəqil şəkildə fəaliyyətini davam etdirən və əsas məqsədi Azərbaycan kukla teatr sənətini Təbrizdə də yaşatmaq olan teatr qurucusu və rejissoru Əli Bernonun rəhbərliyi ilə bu günədək Azərbaycan, Rusiya, Türkiyə daxil olmaqla bir sıra ölkələrin beynəlxalq kukla teatrı festivallarında da iştirak edib.
Klassik teatr ənənələrini müasir çalarlarla zənginləşdirməklə uşaqlara teatrı, azərbaycanlı müəllifləri tanıdıb sevdirməyi hədəfləyən sənət ocağı bu dəfə gənc müəllifə üstünlük verməklə onun bədii nümunəsini səhnələşdirməyi qərara alıb.
Səidə Haqverdiyevanın bir neçə il əvvəl qələmə aldığı və müasir dövrlə həmahənglik təşkil edən pyesə müraciət edən teatr bununla da uşaqlara əsərin ana xəttini təşkil edən sədaqət, dostluq, dürüstlük, səmimiyyət və qarşılıqlı inam kimi dəyərləri aşılamağa çalışır.
Müəllifin əsərin qəhrəmanı Toplan və onun dostları arasında olan münasibətə bədii boyalarla verdiyi özəllik və əsas ideyanı - sədaqətli olmağı önə çəkən rejissor tamaşanın yanvarın 21-də balaca teatrsevərlərin ixtiyarına veriləcəyini deyib. Tamaşa fevralın 9-dək Təbrizin 29 Bəhmən teatr salonu başda olmaqla bir sıra məkanlarında nümayiş olunacaq. Tamaşada teatrın əsas səhnə ustalarından Hesam Maqsudi, Cəlil Şahnazi, Fərhad Fərəhbaş, Mehdi Borhan və başqaları rol alacaq.
Onu da qeyd edək ki, səhnə əsərinin il ərzində Bakıda da nümayişi nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB