“Axınla aşağı” filmi təqdim olundu

“Axınla aşağı” filmi təqdim olundu

Nizami Kino Mərkəzində C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında dövlət sifarişi ilə lentə alınan "Axınla aşağı" bədii filminin təqdimatı keçirilib. SİA-nın verdiyi məlumata görə, filmin təqdimatından əvvəl C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov və Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Yusif Şeyxov, "Salnamə" sənədli filmlər studiyasının direktoru Nazim Hüseynov, "Yaddaş" studiyasının direktoru Cavid İmamverdiyevin iştirakı ilə mətbuat konfransı keçirilib.

Konfransda bu il kinematoqrafiya sahəsində görülmüş işlər və qarşıda duran məsələlərlə bağlı məlumat verilib. Bildirilib ki, hazırda çəkilişləri davam etdirilən və gələn il çəkiləcək ekran əsərləri, yeni müsabiqələr və beynəlxalq təlim layihələri, filmlərimizin beynəlxalq kinofestivallarda iştirakı haqqında məlumat verilib. Diqqətə çatdırılıb ki, cari il kino sahəsi üçün uğurlu olub. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının çəkdiyi filmlər 50-dən çox beynəlxalq film festivallarında iştirak edib, müxtəlif nominasiyalar üzrə mükafatlar qazanıb. Həmçinin ilk dəfə olaraq Qarabağ mövzusundan bəhs edən "Nabat" filmi beynəlxalq festivala qatılıb.

Həmçinin cari ildə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının yenidən qurulması ilə bağlı konseptual layihə başa çatıb.

Məlumat verilib ki, "Azanfilm" studiyası bu il 3 animasiya filmini – "Gəlin birlikdə öyrənək", "Köhnə saat", "Ən güclü kimdir?" filmlərini təhvil verib. Studiyada animasiya filmləri ilə yanaşı dörd sənədli film də istehsal olunub.

"Yaddaş" studiyasında bu il milli qəhrəmanlara həsr olunmuş 15 sənədli film istehsal edilib.

Bakıda Beynəlxalq Turizm və Bakı Beynəlxalq İdman filmləri festivalları keçirilib.

Daha sonra "Axınla aşağı" bədii filminin təqdimatı keçirilib. Mərasimdə çıxış edən kinostudiyanın direktoru Müşfiq Hətəmov kino sahəsində xeyli gənc rejissor və ssenaristlərin sınaqdan keçirildiyini, bir sıra layihələrin reallaşdırıldığını söyləyib. Bildirib ki, təqdim edilən "Axınla aşağı" filmində yeni rejissor yozumunu görmək mümkün olacaq.

Filmin yaradıcı heyəti səhnəyə dəvət edilib. Rejissor Asif Rüstəmov filmin çəkilişində dəstək göstərənlərə minnətdarlığını bildirib. Diqqətə çatdırıb ki, sözügedən film 2 aya lentə alınıb.

Sonra film nümayiş olunub.

İdmançı gənclərin həyatı fonunda cərəyan edən psixoloji ailə dramının quruluşçu rejissoru Asif Rüstəmov, ssenari müəllifləri Asif Rüstəmov və Otar Pertaxiya, quruluşçu operatoru Ayxan Salar, bəstəkarı Xəyyam Mirzəzadə, quruluşçu rəssamı Rafiz İsmayılov, icraçı prodüseri Nadir Əliyev, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə Namiq Ağayev, Mehriban Zəki və digər aktyorlar rol alıb.

Qeyd edək ki, "Axınla aşağı" filmi bir neçə beynəlxalq kinofestivalın müsabiqə proqramlarında iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə