Bu gün Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə Milli İncəsənət Muzeyində əməkdar rəssam Sirus Mirzəzadənin 70 illik yubileyinə həsr olunan fərdi yaradıcılıq sərgisi açılıb. SİA-nın verdiyi məlumata görə, tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, xalq rəssamları Fərhad Xəlilov, Fuad Salayev və Arif Hüseynov, mədəniyyət xadimləri, media nümayəndələri və başqaları iştirak ediblər.
Mərasimdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev sənətkarın Azərbaycan rəssamlıq məktəbinə töhfələrindən söz açıb: "Təxminən 30 ilə yaxın müddətdə tanıdığım Sirus Mirzəzadə ömrünü öz sənətinə həsr edən bir rəssamdır. Onun özünəməxsus sənət dünyası, sevdiyi rəng palitrası vardır. Sirus Mirzəzadə həm də son dərəcə zövqlü rəssamdır".
Tədbirdə xalq rəssamları Fərhad Xəlilov, Fuad Salayev və Arif Hüseynov rəssamın yüksək istedadından, əsərlərinin xüsusiyyətlərindən söz açıblar.
Nəzərinizə çatdıraq ki, Sirus Mirzəzadənin müxtəlif janrlarda çəkdiyi əsərləri Polşa, Fransa, Türkiyə, Almaniya, Hollandiya, Norveç, Kuba, Rumıniya, Böyük Britaniya, Macarıstan, Suriya, Birləşmiş Ərəb Əmirlikləri, ABŞ və İtaliyanın bir çox muzey və qalereyalarında nümayiş etdirilib, şəxsi kolleksiyalarda saxlanılır. Rəssam Azərbaycanın qədim qayaüstü və miniatür rəsm ənənələrini, eyni zamanda Uzaq Şərq incəsənətinin bir çox üslublarını sintez edərək, özünəməxsus fərdi yaradıcılıq yolu keçib.
Sonra çıxış edən yubilyar qonaqlara təşəkkürünü bildirib.
Sərgidə rəssamın müxtəlif janrlarda 80-dən artıq boyakarlıq və 60-dək qrafik əsəri nümayiş olunur. Boyakarlıq əsərlərindən "Sarı gəlin", "Gələcəyə doğru", "Şirin yuxular" triptixləri, "Qara şlyapalı qız", "Eyvanda" və "Qırmızı mənzərə" əsərləri, "Yasəmən" natürmortu, qrafik üslubunda "Ulduz bürcü" seriyasından 12 lövhə, "Kölgədə", "Ağ – qara mənzərə", "Nərdivan" və digər əsərləri ekspozisiyada yer alıb.
Tədbir iştirakçıları sərgi ilə tanış olublar. Sərgi biir həftə davam edəcək.
Qeyd edək ki, sərgini izləyənlər arasında professor Nərgiz Paşayeva da olub.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB