“Tahir Salahov və Gənclər” adlı sərginin açılış mərasimi keçirilib
Bu gün İçəri Şəhərdə "Tahir Salahovun ev-muzeyi"ndə görkəmli rəssamın ad günü münasibətilə təşkil olunmuş "Tahir Salahov və Gənclər" adlı sərginin açılış mərasimi keçirilib. SİA-nın verdiyi məlumata görə, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Tahir Salahovun irsinin yaşadılması və populyarlaşdırılması istiqamətində fəaliyyəti çərçivəsində gənc Azərbaycan rəssamlarının dahi sənətkarın yaradıcılığından ilhamlanaraq yaratdıqları əsərlərin sərgisini təşkil etmişdir. Tədbir Rusiyanın İnformasiya və Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən "Sozvezdie" Gənc Yaradıcılıq Klubunun iştirakı ilə təşkil olunub.
Tədbiri giriş sözü ilə açan "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi cənab Samir Nuriyev ev-muzeyə təşrif buyurmuş qonaqları salamlayaraq, 2011-ci ildə Tahir Salahovun öz emalatxanasını, əsərlərindən ibarət olan şəxsi kolleksiyasını və arxivini Azərbaycan dövlətinə təmənnasız olaraq hədiyyə etdiyini vurğulamışdır. Həmin il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən bu binada yaradılmış Tahir Salahovun ev-muzeyi öz qapılarını ictimaiyyət üçün açaraq bu gün İçərişəhərin əsas incəsənət və mədəniyyət mərkəzlərindən birinə çevrilib.
Cənab Nuriyev sərginin açılışının Tahir Salahovun ad günü ərəfəsində keçirildiyini qeyd edərək, dahi sənətkara möhkəm can sağlığı, uzun ömür və yaradıcılıq fəaliyyətində müvəffəqiyyətlər arzularını ünvanlayıb.
Tədbirdə iştirak edən Rusiya Federasiyasının Azərbaycandakı Səfiri cənab Vladimir Doroxin çıxış edərək Tahir Salahovun mədəniyyətlərarası dialoqun zənginləşməsində əhəmiyyətli rolunu, habelə pedaqoji fəaliyyəti ilə gənc rəssamlar nəslinin yetişdirilməsinə və dünya rəssamlığının inkişafına böyük töhfələr verdiyini xüsusi vurğulayıb. Tədbirdə həmçinin Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin, Təhsil Nazirliyinin, Rəssamlar İttifaqının, şəhərimizin bir çox muzey və digər mədəniyyət ocaqlarının, habelə çoxsaylı tələbələr və gənclər iştirak ediblər.
Tədbirin davamında "Sozvezdie" Gənc Yaradıcılıq Klubunun üzvləri tərəfindən M.Maqomayev, Q.Qarayev, F.Əmirov, Azərbaycan və Rusiya musiqi mədəniyyətinin digər görkəmli nümayəndələrinin əsərlərindən ibarət konsert proqramı da təqdim olunub.
"Tahir Salahov və gənclər" adlı sərgi sənətkarın İçəri Şəhərdə yerləşən ev-muzeyində 3 dekabr tarixinə qədər davam edəcək və bu müddət ərzində muzeyə giriş ödənişsiz olacaq. Bununla yanaşı Bakı Şəhər Təhsil İdarəsinin dəstəyi ilə vaxtilə Tahir Salahovun təhsil aldığı Bakı şəhəri 189 saylı tam orta məktəbinin şagirdlərinin ev-muzeyinə ekskursiyaları təşkil ediləcək.
Qeyd edək ki, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi hər kəsi "Tahir Salahov və gənclər" adlı sərgi ilə, habelə görkəmli rəssamın ev-muzeyi, burada nümayiş olunan əsərlərindən ibarət kolleksiyası ilə yaxından tanış olmağa dəvət edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB