Nə üçün yazıçı və şairlərimiz hərbi hissələrə getmirlər? SORĞU

Nə üçün yazıçı və şairlərimiz hərbi hissələrə getmirlər? SORĞU

Son günlər Yazıçılar Birliyinin vətənpərvərlik mövzusunda passivliyi diqqətlərdən yayınmır. Azərbaycan torpaqlarını canı bahasına hər zaman müdafiə etməyə hazır olan əsgərlərimizi əksər hallarda yazıçı və şairlərimiz ziyarət etmirlər. Ancaq müharibə şəraitində yaşadığımıza görə, ordumuzun hərbi ruh yükəkliyi yaradan şeir və əsərlərə ehtiyacları var. SİA- bu barədə dövlət xadimlərinin fikirlərini öyrənib

Ehtiyatda olan zabit, jurnalist Üzeyir Cəfərov: "Təəssüfləndirici haldır ki, şair və yazıçılar, rəssamlar, bir sözlə incəsənət xadimləri sanki bir göstəriş gözləyirlər ki, yanlarına 2-3 kamera salıb cəbhə bölgəsinə getsinlər. Müharibənin ən ağır vaxtlarında da ölkəmizin elm və mədəniyyət xadimləri, o cümlədən Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili Elmira Süleymanova, xalq artisti Amaliya Pənahovanın başçılığı altında Bakı Bələdiyyə Teatrı, Füzuli Dövlət Dram Teatrı, xalq artisti Əlibaba Məmmədovun rəhbərlik etdiyi "Humay" ansamblı mütəmadi olaraq döyüş bölgəsinə gəlib əsgər və zabitlərimizlə görüşüblər. Hazırda isə deyə bilərəm ki, bu görüşlər yox səviyyəsindədir. Onu da deyim ki, dünən Hərbi Dəniz Qüvvələrində yazıçı Çingiz Abdulayevlə görüş keçirilib. Bu çox yaxşı haldır. Ancaq qəbul edək ki, səngərdə çətin şəraitdə olan əsgər və zabitlərimizin bu cür görüşlərə daha çox ehtiyacları var. Mən düşünürəm ki, Yazıçılar Birliyinin sədri Anar Rzayev, Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov və bu sahəyə cavabdehlik daşıyan şəxslər bir qədər çevik olmalıdırlar. Çünki əsgər və zabitlərimizin hər zaman ziyalı sözünə ehtiyacları var. Xüsusilə diqqətinizə çatdırım ki, bəzi yazıçılarımız mövzu qıtlığı yaşayırlar. Onlar gedib əsgərlərin şəraitləri ilə maraqlansalar, fərqli epizodlar tapa bilərlər".

Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı: "Bu məsələni Milli Məclisdə dəfələrlə qaldırmışam. Bildirmişəm ki, nə üçün şair və yazıçıları heç bir yerə dəvət edilmir və görüşlər keçirilmir. Hətta hərbi hissələrdə kitabxanaların da yaradılması məsələsini ön plana çəkmişəm. Hətta minlərlə kitab toplayıb, Müdafiə Nazirliyinə təqdim etmişəm. Ancaq təəssüf ki, həmin kitabların taleyindən xəbərim yoxdur. Onu da deyim ki, Sovet dövründə hərbi hissələrdə kitabxanalar var idi. Əsgərlər boş zamanlarını kitab oxumaqla keçirirdilər. Düşünürəm ki, bu yolu davam etdirmək lazımdır. Həmçinin Yazıçılar Birliyinin üzvləri davamlı olaraq əsgərlərlə görüşməlidirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə