İşgüzar turizm inkişaf edir

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində ölkəmizdə işgüzar turizmin inkişafı üzrə strategiyanın həyata keçirilməsi məqsədilə yaradılan Azərbaycan Konqreslər Bürosu "SKAL BAKI" təşkilatının toplantısında iştirak edib. SİA-nın verdiyi məlumata görə, "Səyahət və Turizm Peşəkarları Beynəlxalq Assosiasiyası- SKAL İnternational"-ın Bakı klubu olan "SKAL BAKI" -nın sayca 17-ci iclası baş tutub. Turizm fəaliyyəti ilə məşğul olan təşkilatlar, hotellər, Azərbaycanın biznes turizmi sahəsində çalışan müxtəlif şirkət və firmalar iclasda bir araya gəlib.

Tədbirdə açılış nitqi ilə çıxış edən, "SKAL BAKI" klubunun prezidenti, Azərbaycan Turizm İnstitutunun rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov təşkilatın keçən dövr ərzindəki fəaliyyəti və görüləcək işlər barədə danışıb.

Azərbaycan Konqreslər Bürosunun icraçı direktoru Florian Senqstşmid isə tədbirdə çıxışı zamanı dünyada və Azərbaycanda turizm sahəsinin dinamik inkişaf göstəriciləri barədə danışıb.

Cənab Senqstşmid turizm sahəsində çalışan şirkət və təşkilatların alıcılara təklif etdiyi xidmət, təklif və proqramların hazırlanması zamanı diqqət yetirməli olduqları əsas məqamlar və eləcə də turizm sahəsindəki yeniliklər barədə danışıb. Çıxış tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Xatırladaq ki, Azərbaycan Konqreslər Bürosunun fəaliyyətinə Azərbaycana irimiqyaslı beynəlxalq tədbirlərin cəlb edilməsi, ölkəmizin beynəlxalq tədbirlərin keçirilməsi üçün inkişaf edən məkan kimi təbliğ və təqdim olunması və digər bu kimi biznes əhəmiyyətli işlər daxildir.

Büronun əsas hədəflərindən biri də yüksək peşəkarlığı və rəqabətə davamlılığı ilə seçilən Azərbaycan Görüşlər İttifaqı (Azerbaijan Meeting Alliance) yaratmaq və inkişaf etdirməkdir. Belə bir ittifaq ölkənin MICE (biznes turizmi) bazarında işləyən təşkilat və müəssisələri bir araya gətirərək onların inkişafına və regional oyunçulara çevrilməsinə yardımçı olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə