Böyük Azərbaycan dramaturqu, filosof və ictimai xadim Mirzə Fətəli Axundzadə haqqında çəkilmiş "Sübhün səfiri" filminin yaradıcı heyəti-ssenari müəllifi, Azərbaycanın Xalq Yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, baş rejissor, Xalq Artisti Ramiz Həsənoğlu və Mirzə Fətəli rolunun ifaçısı, Xalq Artisti Rasim Balayev bu ekran əsərinin Macarıstanın paytaxtı Budapeştdə keçirilən təqdimat mərasimi ilə əlaqədar bu şəhərə gəliblər. SİA-nın verdiyi məlumata görə, Azərbaycanın Macarıstandakı səfirliyində filmin yaradıcı heyəti ilə Budapeştdə yaşayan Azərbaycan və türk icması nümayəndələrinin, burada təhsil alan azərbaycanlı tələbələrin, macar sənət adamlarının görüşü keçirilib.
Görüşdə çıxış edən səfir Vilayət Quliyev XIX əsr Azərbaycan və bütövlükdə Şərq mədəniyyətinin, ictimai fikrinin tarixində Mirzə Fətəli Axundzadənin yeri və rolu haqqında danışıb.
Filmin ssenari müəllifi Anar, rejissor Ramiz Həsənoğlu və baş rolun ifaçısı Rasim Balayev ekran əsərinin üzərindəki iş barədə görüş iştirakçılarına ətraflı məlumat veriblər.
Budapeştdəki Azərbaycan icmasının nümayəndələrindən Svetlana Abdullayeva, Vüqar Seyidov, Ramiz Əmirli, Macarıstandakı Türk İş Adamları Dərnəyinin rəhbəri Osman Şahbaz çıxışlarında Azərbaycanla Macarıstanın, eləcə də Macarıstanla türk dünyasının mədəni əlaqələrini daha da genişləndirməyin əhəmiyyətini vurğulayıb, səfirliyinin bu istiqamətdəki fəaliyyətini təqdir ediblər.
Filmin yaradıcı heyətinin üzvləri, habelə Azərbaycan Yazıçılar Birliyi sədrinin müavini Nazim İbrahimov və gənc yazıçı Günel Anarqızı görüş iştirakçılarının suallarını cavablandırıblar
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB