Azərbaycan Respublikası Atçılıq Federasiyasının maliyyə və təşkilat dəstəyi ilə Qarabağ atları haqqında kitabın nəşrinə dair layihə həyata keçirilib. Atçılıq və onun tarixi üzrə ixtisaslaşmış fransız yazıçı və tarixçisi, "Beynəlxalq At Oyunları Səfiri-2014" tituluna layiq görülmüş Jan-Lui Quronun müəllifi olduğu "Qarabağ atları" adlı kitab, nəzərdə tutulduğu kimi cari ilin avqust ayında Fransanın Normandiya regionunda keçirilən Dünya At Oyunları yarışları ərəfəsində nəşr edilib.
Federasiyadan bildiriblər ki, kitab fransız və ingilis dillərində 3000 tirajla buraxılıb. Kitabda Qarabağ atlarının xüsusiyyətləri, bu cinsin keçdiyi tarixi inkişaf yolu, habelə Ermənistanın ölkəmizə təcavüzü nəticəsində demək olar ki, yer üzündən itmək təhlükəsi yaşaması barədə məlumatlar öz əksini tapıb.
Bununla əlaqədar olaraq, Dünya At Oyunlarının keçirildiyi Kann şəhərində (Aşağı Normandiya regionunun inzibati mərkəzi) "Qarabağ atları" kitabının ilk təqdimat mərasimi olub.
Təqdimat mərasimini "Qarabağ atları" kitabının müəllifi J.L.Quro açıb. O, ötən ilin dekabr ayında UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Qorunması üzrə Hökumətlərarası Komitəsinin Bakıda keçirilən sessiyası zamanı Azərbaycanın qədim çövkən oyunu ilə əlaqədar aparılmış müzakirələrdə iştirak etdiyini bildirib.
J.L.Quro çövkən oyunundan söhbət açaraq, bu yarışların Qarabağ cinsli atlar üzərində keçirildiyini vurğulayıb və UNESCO-nun çövkən oyununu Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi Siyahısına salınması qərarı ilə bağlı Qarabağ atlarına böyük maraq yarandığını diqqətə çatdırıb. J.L.Quro bu tarixi hadisədən sonra Qarabağ atları haqqında kitabın hazırlanması qərarına gəldiyini qeyd edib.
Daha sonra Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov çıxış edərək Fransada Qarabağ atlarına həsr edilmiş ilk kitabın nəşrinin əlamətdar hadisə olduğunu vurğulayıb, kitabın ilk təqdimatının məhz Normandiyada keçirilməsindən və Kann şəhərində Beynəlxalq At Oyunları ilə eyni vaxta təsadüf etməsindən məmnunluğunu söyləyib.
Elçin Əmirbəyov Ermənistanın ölkəmizə təcavüzü nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərində tarixi, mədəni və təbii irsin məhv edildiyini təəssüflə qeyd edib. Səfir işğal səbəbindən Qarabağ atlarının öz doğma torpaqlarından didərgin düşdüyünü və hətta son illərədək yer üzündən itmək təhlükəsi yaşadığını bildirib.
Səfir xalqımızın öz mədəni və təbii irsini qorumaq üçün göstərdiyi səylər nəticəsində Qarabağ cinsli atların yetişdirilməsi işində yeni inkişaf mərhələsinin başladığını bildirib, Qarabağ atları ilə oynanılan Azərbaycanın qədim idman növü çövkənin UNESCO-nun qeyri-maddi irs siyahısına daxil edilməsi ilə Qarabağ atlarının yenidən beynəlxalq aləm tərəfindən tanınmasına böyük təkan verdiyini xüsusi vurğulayıb.
Tədbirdə "Beynəlxalq At Oyunları-2014"ün Təşkilat Komitəsinin baş direktoru Fabien Qrobon, Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi Anar Kərimov və Azərbaycan Respublikası Atçılıq Federasiyasının baş katibi Bəhruz Nəbiyev iştirak ediblər.
"Qarabağ atları" kitabının təqdimatının, həmçinin Parisdə təşkil edilməsi nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB