Şəki I Beynəlxalq Teatr Festivalı başa çatdı FOTO

Şəki I Beynəlxalq Teatr Festivalı başa çatdı FOTO

Mədəniyyət və Turizm Nazirliyinin, Şəki Şəhər İcra Hakimiyyətinin və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə Şəki I Beynəlxalq Teatr Festivalı başa çatıb. SİA-nın verdiyi xəbərə görə, festivalın son günü, sentyabrın 19-u görkəmli gülüş ustası, xalq artisti, dövlət mükafatı laureatı Lütfəli Abdullayevin 100 illik yubiley tədbiri ilə yadda qalıb. Şəki şəhərində Lütfəli Abdullayevin adını daşıyan küçədə sənətkarın büstünün açılış mərasimi keçirilib. Mərasimi Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov açaraq Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsinin doğulduğu şəhərdə büstünün ucaldılmasının çox əlamətdar hadisə olduğunu vurğulayıb. Qeyd edib ki, xalqımızın sevimli aktyoru olan Lütfəli Abdullayevin xatirəsi onun doğma şəhərində də həmişə hörmətlə yad edilir.

Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev tədbirdə çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən Azərbaycan mədəniyyətinə, teatr sənətinin inkişafına bütün varlığı ilə xidmət edib. Kinomuzun inkişafına töhfələr vermiş Lütfəli Abdullayevin 100 illik yubileyi münasibətilə respublikamızın şəhər və rayonlarında, mədəniyyət müəssisələrində silsilə tədbirlər keçirilib. Nazir müavini vurğulayıb ki, görkəmli gülüş ustasının dünyaya göz açdığı Şəkidə xatirəsinin əbədiləşdirilməsi, büstünün qoyulması şəkililərin sənətkara olan sevgi və ehtiramın bariz nümunəsidir.

Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, xalq artisti Azərpaşa Nemətov, Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli çıxış edərək Lütfəli Abdullayevin milli teatr və kino sənətinin inkişafında xidmətlərindən söhbət açıblar.
Sənətkarın qızı, professor Xurşud Abdullayeva bu günün onun üçün ən əziz günlərdən biri olduğunu deyib, yubiley tədbirlərinin keçirilməsinə görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib.

Qeyd edək ki, tədbir iştirakçıları büstün önünə gül-çiçək düzüblər. Abidənin müəllifi heykəltəraş Nadir Eminlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə