Cəfər Cabbarlı mükafatı təqdim edildi

Mədəniyyət və Turizm İdarəsinin dəstəyi, Cəfər Cabbarlı adına Mədəniyyət, Elm və Təhsilin İnkişafına Yardım İctimai Birliyi və ədibin ev-muzeyinin təşkilatçılığı ilə Cəfər Cabbarlı mükafatının 2014-cü il üzrə laureatlara təqdim olunması mərasimi keçirilib. SİA-nın verdiyi xəbərə görə, mərasimi ədibin həyat və yaradıcılığının tədqiqatçısı, filologiya elmləri doktoru Asif Rüstəmli açaraq mükafatın yaranma tarixindən danışıb. Bildirib ki, mükafat ilk dəfə dramaturqun ev-muzeyinin layihəsi əsasında Cəfər Cabbarlı adına Mədəniyyət, Elm və Təhsilin İnkişafına Yardım İctimai Birliyinin və BP neft şirkətinin sponsorluğu ilə 2001-ci ildə təsis edilib. Həmin ildən bu ənənə davam edir və bir çox elm, sənət adamları bu mükafata layiq görülüblər. Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar çıxış edərək Cəfər Cabbarlının zəngin ədəbi irsi haqqında fikirlərini bölüşüb, mükafatın önəmli bir hadisə, görkəmli dramaturqun xatirəsinə ehtiram olduğunu vurğulayıb. O, bu il çapdan çıxan "Cəfər Cabbarlının tərcümələri" və Türkiyədə işıq üzü görən "Cəfər Cabbarlı" kitablarının dəyərli nəşrlər kimi qiymətləndirərək dramaturqun əsərlərinin külliyyatının çapına ehtiyac olduğunu bildirib. Yazıçılar Birliyinin sədr müavini Nazim İbrahimov, qurumun katibi İlqar Fəhmi, Türkiyənin Fırat Universitetinin dosenti Süleyman Kaan Yalçın və digər çıxış edənlər Cəfər Cabbarlının Azərbaycan ədəbiyyatı, kino və teatr tarixində yerindən söz açıblar.

Sonra mükafatlar sahiblərinə təqdim edilib. Kino nominasiyasında yazıçı, ssenarist İlqar Fəhmi, xalq artistləri Səidə Quliyeva, Ağakişi Kazımov, Hacı İsmayılov, Məleykə Əsədova, ədəbiyyat nominasiyasında filologiya elmləri doktoru və professorlar Gülşən Əliyeva-Kəngərli, Himalay Qasımov, Tahirə Məmməd, Fikrət Rzayev, jurnalistika nominasiyasında Zemfira Kürdəxanlı və şairə Zərəngiz Dəmirçi Qayalı, təhsil və mədəniyyət nominasiyasında Azərbaycan klassik ədəbiyyatının gənc nəslə təbliğində xidmətlərinə görə Xatirə Həşimzadə (Xızı şəhəri), Əbilov adına mədəniyyət mərkəzinin bədii rəhbəri Mirəhməd Əsgərov və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş redaktoru, əməkdar mədəniyyət işçisi Səriyyə İsmayılova layiq görülüb. Mükafatın xüsusi diplomu Azərbaycan-Türkiyə ədəbi-mədəni əlaqələrinin inkişafında xidmətlərinə görə Fırat Universitetinin doktoru Süleyman Kaan Yalçına təqdim edilib.

Qeyd edək ki, təqdimatın sonunda muzeyin direktoru Qəmər Seyfəddinqızı çıxış edərək mükafat alanları təbrik edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...