“Azərbaycanın neft salnaməsi” adlı kitab-kataloq təqdim olunub
Bu gün AMEA Milli Azərbaycan Tarixi Muzeyində "Əsrin müqaviləsi"nin 20 illiyinə həsr olunan "Azərbaycanın neft salnaməsi" adlı kitab-kataloqun təqdimatı və eyni adlı sərgisinin açılışı olub. SİA-nın məlumatına görə, tədbirdə AMEA-nın prezidenti Akif Əlizadə, AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı və digər qonaqlar iştirak ediblər.
Muzeyin direktoru Nailə Vəlixanlı deyib ki, bu gün təqdim olunan kataloq Milli Azərbaycan Tarixi Muzeyinin fondlarında qorunan və Azərbaycan neftinin tarixini əks etdirən materiallar əsasında hazırlanıb: "Dörd tematik bölmədən ibarət kataloqda Azərbaycanda neft hasilatı və emalının tarixi barəsində məlumat verilir, 1000-ə yaxın unikal eksponatlar təqdim olunur. Belə ki, XIX – XX əsrin əvvəllərinə aid nadir tarixi fotoşəkillər, texniki qurğu və alətlər, fəhlə geyimləri, sənədlər ölkəmizin neft sənayesinin inkişafını əyani olaraq təsəvvür etməyə imkan verir. Azərbaycanın görkəmli neftçiləri, neft sənayesində alimlərinin fəaliyyətləri ilə bağlı materiallar da kataloqda yer alıb. "Neft Daşları", "Əsrin müqaviləsi" kimi böyük layihələrlə bağlı materiallara kataloqda xüsusi yer ayrılıb.
N.Vəlixanlı qeyd edib ki, bu səpkidə kataloq ilk dəfədir işıq üzü görür: "Kataloq Azərbaycan və rus dillərində nəşr olunub. Kataloq "BP-Azərbaycan" şirkətinin maliyyə dəstəyi ilə çap olunub.
Muzeyin direktoru bildirib ki, sərginin maraqlı xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, burada Azərbaycanın xalq rəssamı Maral Rəhmanzadənin "Neft" silsiləsindən olan və hələ 1947-ci ildə hazırladığı 10 orijinal litoqrafiya nümayiş etdirilib.
Daha sonra çıxış edən AMEA-nın prezidenti Akif Əlizadə deyib ki, müstəqillik illərində Azərbaycanda bir sıra əhəmiyyətli neft layihələri həyata keçirilib ki, onlardan da biri "Əsrin müqaviləsi"layihəsidir. Onun sözlərinə görə, layihə Azərbaycanın inkişafında bir çox dəyişikliklərə gətirib çıxarıb: "Müqavilənin bağlanmasından keçən 20 il ərzində Azərbaycanın həm siyasi, həm iqtisadi, həm mədəni, həm təhsil, həm də elmi həyatında böyük uğurlar əldə olunub". "Əsrin müqaviləsi"nin bağlanması Azərbaycan elminə də yeni nəfəs gətirib. Bu gün "Əsrin müqaviləsi"nin Azərbaycan elminə təsiri nəticəsində ölkəmiz Avropada, Asiyada yüksək səviyyədə tanınır. Bu 20 il ərzində Azərbaycan elmi böyük bir yol keçib".
"Azərbaycanın neft salnaməsi" adlı kitab-kataloqun təqdimatından sonra sərginin açılışı olub.
Qeyd edək ki, sərgi 16 sentyabr 2014 – 15 yanvar 2015-ci il tarixlərində fəaliyyət göstərəcək və giriş pulsuzdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB