Nizami Cəfərov: "Xalça Muzeyi Azərbaycan tarixinin mədəni zənginliyini inkişaf etdirəcək bir mərkəzdir"
"Xalça Muzeyinin yeni binasının açılışı çoxdan gözlənilirdi. Bu muzey Azərbaycan xalça sənətini bütün dünyada tanıdan məkan olacaq". Bu sözləri SİA-ya Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov deyib.
Onun sözlərinə görə, memarlıq abidəsi kimi də öz gözəlliyi ilə seçilən Xalça Muzeyinin yeni binasının açılışının Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ad günündə olması çox düzgün qərardır: "Şəhərimizin sakinləri və qonaqlar həmin ərazidən keçəndə bu binanın nə zaman istifadə veriləcəyini düşünürdülər. Çox yaxşı haldır ki, bu möhtəşəm muzeyin açılışı Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ad günündə oldu. Mehriban xanım Azərbaycan mədəniyyətinin yada salınmağında, inkişafında, qorunmasında mühüm işlər görüb. O, Azərbaycanın xalça sənətinin dünyada tanınması, inkişafı ilə bağlı möhtəşəm layihələrə imza atıb, böyük işlər həyata keçirib. Müxtəlif sərgilərin keçirilməsi, xalçaçılıqla bağlı görülən işlərin miqyasının genişləndirilməsi, Azərbaycan xalçasının dünyada tanıdılması, zəngin mədəni irsimizin nümunələrindən olan xalçaçılıq sənətimizə sahib çıxmaq istəyənlərin qarşısının alınması böyük tarixi hadisələrdir".
N. Cəfərov vurğulayıb ki, Xalça Muzeyi digər muzeylərimiz kimi, həm Azərbaycan xalqını, həm də dünyanı maraqlandıracaq: "Bu, həm də ideoloji hadisədir. Xalça Muzeyi Azərbaycan tarixinin mədəni zənginliyini inkişaf etdirəcək bir mərkəzdir. Bu muzey çox böyük uğur gətirəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB