İmişlili şagirdlər Şəki-Qəbələ-İsmayıllı səfərindən zəngin təəssüratla qayıdıblar

İmişlili şagirdlər Şəki-Qəbələ-İsmayıllı səfərindən zəngin təəssüratla qayıdıblar

"Ölkəmizi tanıyaq" layihəsi çərçivəsində dörd gün İsmayıllı-Qəbələ-Şəki marşrutu üzrə maarifləndirici tur-aksiyada iştirak edən İmişli məktəbliləri doğma rayona qayıdıblar. SİA-nın verdiyi məlumata görə, tur-aksiyanın iştirakçılarını rayonun rəhbər işçiləri, müəllimlər, valideynlər və ictimaiyyətin nümayəndələri qarşılayıblar.

Ekskursiya turunun iştirakçıları Şəki Xan sarayı, tarix-diyarşünaslıq muzeyi, Xalq Tətbiqi Sənəti Muzeyi, Yuxarı Karvansaray, Mərkəzi Cümə məscidi, Şəbəkə sexində, rayonun Kiş kəndində yerləşən Alban məbədi və Fazıl kəndindəki "Təpəbaşı" nekropolu ilə tanış olublar.

Avqustun 18-də şagirdlər üçün Şəki rayonunun Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzinə ekskursiya təşkil edilmişdir. Bununla da səfər proqramı başa çatıb.

Qonaqların asudə vaxtının səmərəli keçməsi məqsədilə Şəkinin özfəaliyyət kollektivləri tərəfindən Yay kinoteatrında qruplar üçün ayrı-ayrılıqda rəngarəng proqramla konsert təşkil olunub.

Qrupun rəhbəri, İmişli şəhərindəki 1 nömrəli məktəb-liseyin təlim-tərbiyə işləri üzrə direktor müavini Şakirə Bədəlova səfər təəssüratlarını bölüşərək deyib: "Təəssüratımız olduqca zəngindir. Rayonun IX-XI sinif şagirdləri regionun qədim tarixi, mədəniyyət abidələri, Heydər Əliyev mərkəzləri, tarix-diyarşünaslıq muzeyləri, Gənclər mərkəzləri, Bayraq meydanları, rəsm qalereyaları, sosial-iqtisadi inkişafı ilə yaxından tanış oldular.

Azərbaycanın regionları ilə tanışlıq gənc nəslin Vətənə məhəbbət, ölkəmizin tarixinə, mədəni irsinə, dövlət dilinə və rəmzlərinə, milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə olunmasında böyük əhəmiyyət kəsb edir. Aksiyada iştirak edən şagird və müəllimlər adından göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığımı bildirirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə