İncəsənət ustalarımzın Montröda daha bir unudulmaz çıxışı

İncəsənət ustalarımzın Montröda daha bir unudulmaz çıxışı

İsveçrədə keçirilən 48-ci Montrö Caz Festivalında Azərbaycan musiqiçilərinin növbəti çıxışı da yaddaqalan oldu. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) təşkilatçılığı və dəstəyi ilə musiqiçilərimizin iyulun 17-də təşkil etdikləri "Azərbaycanın sehirli nəfəsləri" adlı ustad dərsləri milli musiqi alətlərimizdən olan balabanla maraqlanan musiqisevərləri bir araya gətirdi.

Balabanda ifa etdiyi "Sarı gəlin"lə iştirakçılarda böyük maraq doğuran Coşqun Sadıqov bu alətin tarixindən, hansı xalqa məxsusluğundan söz açdı.

Alətin imkanlarından danışan balaban ustası fikirlərini ifa etdiyi qısa musiqi parçaları ilə təsdiqlədi.

Daha sonra zurna və tütək alətləri haqqında da ətraflı məlumat verildi. Hər iki alətdə müxtəlif musiqilər səsləndirildi və ustad dərsi tamaşaçıların suallarının cavablandırılması ilə başa çatdı.

Günün sonuncu çıxışçısı "Rast" qrupu oldu. Konsertin birinci hissəsini öz repertuarı və xalq mahnılarımızın caz variantında olan işləmələri ilə başa vuran "Rast" qrupu, ikinci hissəni dünya hitləri ilə davam etdirdi. Maraq doğuran məqamlardan biri tamaşaçının "Rast"ın repertuarından olan bütün mahnıları rahatlıqla mənimsəməsi, melodiyaları ifa etməyə çalışması və rəqs etməsi idi. Bu qrupumuzun və onun musiqilərinin dünya çapında olduğunu sübut edirdi.

Sözsüz ki, Avropalıları caz musiqi ilə təəccübləndirmək çətindir. Bunun üçün yüksək peşəkarlıq və fərqlilik tələb olunur. "Rast" qrupunda bu çox gözəl alındı. Onların çıxışına ən gözəl dəyəri isə konsertə gəlmiş üç mindən çox tamaşaçı verdi. Qrupun repertuarında muğamlarımızla bağlı olan kompozisiyaların ifa edilməsi, həmçinin balaban, tütək və zurnanın səslənməsi tamaşaçıların böyük maraq və alqışlarına səbəb oldu.

Bütün xəbərlər Facebook səhifəmizdə