Kazanda “Turkvision-2014” mahnı müsabiqəsi təqdim edilib

Kazanda “Turkvision-2014” mahnı müsabiqəsi təqdim edilib

Tatarıstanın paytaxtındakı "Kazan" Milli Mədəniyyət Mərkəzində Türkdilli İfaçıların II Beynəlxalq "Turkvision-2014" Televiziya Mahnı Müsabiqəsi təqdim edilib. Bu barədə "Turkvision-2014" müsabiqəsinin əlaqələndiricisi Pərvin Sadıqov məlumat verib.

Tatarıstan Respublikasının mədəniyyət naziri Ayrat Sibaqatullun təntənəli tədbiri açaraq qeyd edib ki, cari ildə Kazanın türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi Tatarıstan üçün çox mühüm faktdır, çünki 2014-cü il həm də Rusiyada Mədəniyyət İli elan edilib. Sonra nazir Tatarıstan Respublikasının baş naziri İldar Xalikovun təbrikini oxuyub.

Tatarıstan Dövlət Şurasının deputatı, Respublikanın Xalq Şairi, Tatarıstan Respublikası Dövlət Şurasının Mədəniyyət, elm, təhsil və milli məsələlər komitəsinin sədri Razil Valeyev Rusiyanın müxtəlif regionlarından və dünyanın başqa ölkələrindən gəlmiş qonaqları salamlayaraq, bu festivalın Kazanda keçirilməsi ideyasının onun rəhbərlik etdiyi komitənin üzvləri tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanmasından söhbət açıb.

Respublika mətbuat və kütləvi kommunikasiyalar agentliyi rəhbərinin birinci müavini Nuriyyə Belomoina deyib: "Müsabiqə təkcə incəsənət festivalı deyil. Biz informasiya mübadiləsi aparmaqla ilk növbədə beynəlxalq əlaqələri inkişaf etdirir, hər bir xalqın mədəniyyətini və incəsənətini populyarlaşdırır, bununla da ortaq köklərlə bağlı olan müxtəlif xalqları, müxtəlif millətləri təmsil edən insanları birləşdiririk".

"TMB TV" telekanalının təsisçisi Samir Qurbanov da həmkarları qarşısında çıxış edib. O, təmsil etdiyi telekanal və "Turkvision" festivalının yaranma tarixi barədə məlumat verib.

Sonra festivalın əsas təşkilatçısı olan "TMB TV" telekanalı ilə milli və regional telekanallar arasında saziş imzalanıb. Həmin sazişə əsasən, milli və regional telekanallar yerlərdə seçim turları keçirəcək və müsabiqəni birbaşa efirdə translyasiya edəcəklər.

Tatarıstan adından sazişi "Maydan" musiqili telekanalının direktoru Dəmir Davletşin imzalayıb. Sonra Azərbaycan, Qırğız Respublikası, Başkortostan, İraq, Qazaxıstan, Kipr, Krım, Moldova, Rusiya Federasiyası, Türkiyə, habelə Rusiya Federasiyasının Xakasiya və Qaraçay-Çərkəz telekanallarının nümayəndələri də sazişi imzalayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə