Azərbaycan Konqreslər Bürosu ölkəmizə daha bir biznes qazandırdı

Azərbaycan Konqreslər Bürosu ölkəmizə daha bir biznes qazandırdı

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu 2014-cü il üçün fəaliyyət planındakı hədəfləri yerinə yetirməkdə davam edir. SİA-nın verdiyi xəbərə görə, Büronun hədəf bazarlarını müəyyən edən fəaliyyət planında birinci yerdə Rusiya Federasiyası və MDB ölkələri durur. Öz növbəsində bu ölkələr Azərbaycanın biznes turizm sahəsindəki geniş imkanlarının öyrənilməsinə böyük maraq göstərir. Bu səbəblə Büro cari ilin iyul ayında Rusiyanın MİCE (biznes turizm) bazarı iştirakçıları üçün tanışlıq səfəri təşkil edib. Səfərin əsas məqsədi Azərbaycanı onlara tanıtmaq və ölkəni beynəlxalq tədbirlərin keçirilməsi üçün inkişaf edən məkan kimi təbliğ və təqdim etmək idi ki, səfər artıq öz nəticələrini göstərir. Belə ki, səfərdən sonra Rusiyanın MİCE bazarı iştirakçıları tərəfindən Büroya təqdim olunan təkliflərin sayı getdikcə artır.

Xatırladaq ki, təklif üçün sorğu (Request For Proposal) hər hansı bir MİCE şirkəti və ya müştəri tərəfindən hər hansı bir məhsul və ya xidmət, təklif təqdim etmək üçün satıcıya və ya əlaqələndirici təşkilata göndərilən sorğudur. Sorğuda tədbirin təşkili üçün gərəkli olan bütün məlumatlar - tarixi, iştirakçıların sayı, tədbirin əhatə edəcəyi mövzu, təşkilatçıya qarşı tələblər və s. göstərilir. Qəbul olunan bütün təkliflər Büronun tərəfdaşı olan mehmanxana və turizm fəaliyyəti ilə məşğul olan şirkətlərə yönləndirilir ki, onlar da öz növbəsində sorğu üzərində işləyir. Yüksək peşəkarlıqla hazırlanan bu təkliflərdən biri Rusiya bazarında müsbət qarşılanıb. Büronun tərəfdaşlarından biri olan şirkət tədbirin təşkil edilməsi fürsətini əldə edib. Belə ki , Rusiyanın elan etdiyi təklif üçün sorğunu Büronun tərəfdaşı olan turizm fəaliyyəti ilə məşğul olan şirkət qazanıb. Rusiyanın MİCE agentliyi Büronun tərəfdaşı ilə apardığı danışıqlardan və edilən təklifin dəyərləndirilməsindən sonra daha bir tədbirin tezliklə Bakıda keçirilməsinə qərar verib.

Bütün xəbərlər Facebook səhifəmizdə