“Mədəniyyət və rəqəmsallaşmanın mübadiləsi üzrə birinci platforma–Bakı konfransı” başa çatıb
Azərbaycan Respublikasının Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi çərçivəsində "Mədəniyyət və rəqəmsallaşmanın mübadiləsi üzrə birinci platforma – Bakı konfransı" başa çatıb. SİA-nın məlumatına görə, iki gün davam edən konfrans "Rəqəmsal mədəniyyət və vətəndaşların imkanlarının artırılması üçün əlverişli mühitin yaradılması" devizi altında keçirilib və Avropa Şurasının II Baş Direktorluğunun mədəniyyət və demokratiya bölməsinin dəstəyi ilə təşkil olunub.
Tədbirə Avropa Mədəniyyət Konvensiyasına üzv dövlətlərin hökumət nümayəndələri, mədəniyyət institutlarının və peşəkar birliklərin təmsilçiləri, tədqiqatçıları və vətəndaş cəmiyyətinin üzvlərindən ibarət 100-dən çox iştirakçı qatılıb.
Konfransın sonuncu gününün sessiyası da maraqlı müzakirələrlə yadda qalıb. "Qeyri-müəyyən sərhədlər: mədəni istehsalda yaranan istiqamətlər ilə necə davranmalı?" mövzusunda sessiyada yaradıcı insanlar, sənətkarlar, yeni incəsənət növləri və təcrübə nümunələri, həmçinin incəsənət, bazarlar, turizm və digər sahələrdə açıq məlumat və məzmun baxımından yeni spesifik xüsusiyyətlər, rəqəmsal erada mədəni özünüifadəyə, yaradıcılığa və istehsala təkan verməyin yolları, rəqəmsal mədəni fəaliyyətin sosial-iqtisadi təsiri baxımından şəhərlər, regionlar və ərazilərin rolu müzakirə olunub.
Günün ikinci yarısında konfransda çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva bildirib ki, iki gün ərzində aparılan müzakirələr mədəniyyət sahələrinin müasir inkişafında rəqəmsal texnologiyaların öyrənilməsinin və tətbiqinin vacibliyini bir daha təsdiq edib.
Diqqətə çatdırılıb ki, konfransda dinlənilən məruzə və çıxışlar, eləcə də müzakirələr, dəyərli təkliflər gələcəkdə yüksək səviyyədə keçiriləcək görüşlərin əsasında dura bilər.
Qeyd edilib ki, konfransda mədəniyyət və rəqəmsallaşmanın qarşılıqlı əlaqəsinin bütün aspektlərinin müzakirə olunması rəqəmsal texnologiyaların mədəniyyət institutlarının inkişafında, o cümlədən mədəni həyata çıxış və bu həyatda iştirakın asanlaşdırılmasında rolunun müəyyən edilməsi, peşəkar nəzəri və praktiki biliklərin mübadiləsi baxımından gələcək fəaliyyətimizdə müsbət rol oynayacaq.
Vurğulanıb ki, müasir texnologiyalarla bağlı yaranan yeni sənət növləri ənənəvi incəsənəti əvəz etməməli, onların paralel inkişafı təmin olunmalıdır. Lakin müasir texnologiyaların incəsənətin xüsusilə rəssamlıq və əl işləri sahələrində istənilən əsərin və maddi sənət nümunəsinin surətinin çıxarılmasına, yayılmasına şərait yarada biləcəyini nəzərə alaraq, belə halların qarşısını almaq üçün birgə əməkdaşlıq olduqca vacibdir. Biz bir tərəfdən rəqəmsal texnologiyaların inkişafına, mədəni həyatımızda tətbiqinə şərait yaratmalı, digər tərəfdən isə ənənəvi incəsənətə dəyə biləcək zərbənin qarşısını almalıyıq. Bir sözlə, rəqəmsal texnologiyalar belə hallarda mədəniyyət və incəsənətin mübadiləsində daha çox vasitə rolunu oynamalıdır.
Azərbaycan Respublikasının Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi çərçivəsində "Mədəniyyət və rəqəmsallaşmanın mübadiləsi üzrə birinci platforma – Bakı konfransı"nın keçirilməsinin əhəmiyyətini qeyd edən Sevda Məmmədəliyeva tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib.
Avropa Şurasının mədəniyyət, irs və landşaft üzrə rəhbər komitəsinin sədr müavini Kimmo Aulake, Avropa Şurasının demokratik idarəçilik və mədəni müxtəliflik üzrə direktoru xanım Klaudia Luçiani konfransın məhsuldar olduğunu, gələcək əməkdaşlığa layiqli töhfə verəcəyini vurğulayıb, Azərbaycan hökumətinə minnətdarlıq ifadə ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB