Əbülfəs Qarayev: “Qafqaz Albaniyası Azərbaycan xalqının tarixidir”
"Bu gün bədnam qonşularımız Qafqaz Albaniyasının, onun kilsəsinin guya başqa mədəniyyətə məxsus olmasına dair xəbərlər yayırlar. Bizim qəti fikrimiz ondan ibarətdir ki, Qafqaz Albaniyasının tarixi Azərbaycanın, Azərbaycan xalqının tarixidir, bizim mədəniyyətimizin ayrılmaz bir hissəsidir". SİA-nın xəbərinə görə, bu sözləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə verdiyi açıqlamasında deyib.
Nazirin sözlərinə görə, Azərbaycan alimləri baxışlarının müxtəlifliyinə baxmayaraq, dərk edirlər ki, bu tarix bizim xalqımıza məxsusdur: " Çox təəssüf ki, Azərbaycanda Qafqaz Albaniyasının tarixi və mədəni irsinin araşdırılması ilə bağlı vahid konsepsiya yoxdur. Müxtəlif alimlər bu mövzuya müxtəlif baxımından yanaşırlar. Lakin bu o demək deyil ki, bunlar hamısı bir-birinə ziddiyyət təşkil edir. Biz heç kəsə onu mənimsəməyə, özəlləşdirməyə imkan verməyəcəyik. Biz beynəlxalq təşkilatlarda da öz sözümüzü deyir, sübut edir və Azərbaycan tarixinin, mədəniyyətinin mənimsənilməsinə qəti etirazımızı bildiririk. Bu, bizim qəti mövqeyimiz və tarixi həqiqətimizdir".
Azərbaycanda mədəniyyət sahəsinə göstərilən diqqət və qayğıdan söz açan Ə. Qarayev vurğulayıb ki, Azərbaycanda həmişə mədəniyyətin inkişafına böyük diqqətlə yanaşılır: "Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan 2020: Gələcəyə Baxış" İnkişaf Konsepsiyası çərçivəsində mədəni irsin qorunması özünəməxsus yer tutur. Həmin çərçivədə Azərbaycan tarixinin bütün mərhələlərinin böyük diqqətlə öyrənilməsi bizim vəzifə borcumuzdur. Onu həssaslıqla təhlil etmək, hansı mədəniyyətin olduğunu dərk etmək, hansı proseslərin qurbanı olduğunu, məhvinin səbəblərini öyrənmək, o dövrdə hökm sürən mədəni-siyasi prosesləri öyrənmək çox önəmlidir".
Samirə Abdullayeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB