YUNESKO-nun 5-ci sessiyası keçirilib

YUNESKO-nun 5-ci sessiyası keçirilib

Paris şəhərində keçirilən sessiyada mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti iştirak edib. SİA-nın məlumatına görə, sessiya zamanı YUNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Mühafizəsi üzrə Hökumətlərarası Komitəsinin 2012-ci ildən 2014-cü ilədək fəaliyyətinə dair hesabat, reprezentativ siyahıya daxil edilmiş elementlərin mövcud vəziyyəti haqqında məruzələr dinlənildi, həmçinin sözügedən komitənin üzvləri müəyyənləşib. Türkiyə Hökümətlərarası Komitəyə birinci elektoral qrupdan üzv seçilib. Üzvlük seçkilərin keçirildiyi tarixdən başlayaraq dörd il müddətində icra olunacaq. Müzakirə edilən ən əsas məsələlərdən biri də 2015-ci ildən etibarən YUNESKO-nun "Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısı"na və "Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısı"na daxil ediləcək elementləri qiymətləndirən strukturun dəyişdirilməsi olub. İlk öncə bu struktur iki hissədən ibarət idi (Köməkçi orqan və Məşvərətçi orqan). Müzakirələrdən sonra yeni struktur - Qiymətləndirici orqanın - təsis etmək qərarı qəbul olundu. Qiymətləndirici orqan özündə əvvəlki iki orqanın funksiyalarını birləşdirəcək. Qeyd edilən struktur dəyişikliyi YUNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Komitəsinin 2013-cü ilin 2-7 dekabr tarixlərində Bakıda keçirilən 8-ci sessiyasında təklif edilib. Səfər çərçivəsində Latviyanın, Türkiyənin, Tunisin, Yunanıstanın, Macarıstanın, Qırğızıstanın və digər ölkələrin nümayəndələri ilə görüşlər keçirilib. Görüşlər zamanı ölkələrlə mədəni əlaqələrin möhkəmləndirilməsi üçün səy göstərilmiş,yeni Qiymətləndirici orqanın funksiyaları, Hökümətlərarası Komitənin seçkiləri, həmçinin bu il ölkələr tərəfindən "Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahı"ya daxil edilməsi üçün təqdim edilən nominasiyalar müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə