Məlik Dadaşovun xatirəsi anılıb

Bu gün "Azərbaycanfilm" Kinostudiyasının kollektivi, tanınmış mədəniyyət və incəsənət xadimləri, ictimaiyyətin nümayəndələri İkinci Fəxri xiyabana gələrək xalq artisti Məlik Dadaşovun xatirəsini ehtiramla yad etmiş, məzarı üzərinə əklil qoyublar. SİA-nın məlumatına görə, "Azərbaycanfilm" Kinostudiyasının direktoru Müşfiq Hətəmov görkəmli sənətkarın Azərbaycan kino sənətinə verdiyi töhfələrdən söz açıb.

Bildirilib ki, Məlik Dadaşov 1924-cü ildə Bakıda dünyaya gəlib. Orta məktəbi bitirdikdən sonra təhsilini Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsində, həm də A.Zeynallı adına Musiqi Texnikumunda davam etdirib. O, əvvəlcə Gənc Tamaşaçılar Teatrında, Zaqatala Dövlət Dram Teatrında, sonra Şəmkir Dövlət Dram Teatrında aktyor kimi çalışıb.

M.Dadaşov 1947-ci ildə çəkilmiş "Fətəli xan" tarixi-bioqrafik filmində Sərdar xanın hərbi rəisi rolunda çıxış edib.

Tarixi keçmişimizdən bəhs edən "Dəli Kür" bədii filmində bir sıra canlı xarakterlər yaradılmış, qəhrəmanların daxili aləmi psixoloji dərinliklə açılıb göstərilib. Belə canlı obrazlardan biri də sənətkarın böyük ustalıqla yaratdığı molla Sadıq surətidir. Molla Sadıq obrazından fərqli olaraq "Axırıncı aşırım" filminin personajı Qəmlo düşmənə qarşı açıq mübarizə aparır, heç kimə güzəştə getmir.

Görkəmli aktyor "Birisi gün, gecəyarısı", "O dünyadan salam", "Fəryad", "Hacı Qara" kimi filmlərdə də yaddaqalan və maraqlı obrazlara ekran həyatı verib.

Məlik Dadaşov "Özbəkfilm"in istehsal etdiyi "Təyyarələr enmədi" filmində Yəhya, "Moldovafilm"in çəkdiyi "Dmitri Kantemir" ekran əsərində Vəzir, "Belarusfilm"də istehsal olunmuş "Müsahibə götürən adam" filmində Niyazxan rollarında çəkilib.

Bütün xəbərlər Facebook səhifəmizdə