Səməd Seyidov Cha Chang-Soonu qəbul edib

Səməd Seyidov Cha Chang-Soonu qəbul edib

Bu gün Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov Koreya Respublikasının Azərbaycandakı səfirliyinin müşaviri, səfirin birinci müavini Cha Chang-Soonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Qonaqları salamlayan rektor, professor Səməd Seyidov onları ADU-da görməkdən məmnun olduğunu dilə gətirib. O, ADU ilə Koreya universitetləri arasında əlaqələrin yaranmasinin 20 illiyi münasibətilə qonaqları təbrik edərək bu gün ADU-da bu münasibətlə elmi simpoziumun başlayacağını xatırladıb. Universitet haqqında danışan rektor Səməd Seyidov bu günün xüsusi tarixi əhəmiyyəti olduğunu bildirib. Azərbaycan Dillər Universiteti ilə Koreya universitetləri arasında əməkdaşlıqdan söz açan rektor, professor Səməd Seyidov bu münasibətlərin əsasının qoyulmasının Koreya-Azərbaycan əlaqələrinə böyük töhfə verdiyini vurğulayıb. ADU ilə Koreya universitetləri arasındakı münasibətlərin 1994-cü ildən yaradıldığını deyən rektor bu əlaqələrin tarixindən söz açıb. Bu illər ərzində Koreya dili üzrə 20 koreyalı mütəxəssisin ADU-da Koreya dilini tədris etdiyini sözlərinə əlavə etdi. ADU-nun Koreyanın müxtəlif universitetləri ilə əlaqələrindən söz açan rektor, professor Səməd Seyidov bu əlaqələrin mövcudluğunun və ADU-da Koreya dili mərkəzinin fəaliyyətinin universitet üçün xüsusi önəm daşıdığını sözlərinə əlavə edib. Rektor bütün sahələrdə, o cümlədən təhsil, mədəniyyət, iqtisadiyyat sahəsində Azərbaycan-Koreya əməkdaşlığının davam etdiyini və yüksələn xətt üzrə inkişaf etdiyini məmnunluqla bildirib.

Səmimi qəbula görə təşəkkür edən Koreya Respublikasının Azərbaycandakı səfirliyinin müşaviri, səfirin birinci müavini Cha Chang-Soon, öz növbəsində ADU-da olmaqdan məmnun olduğunu söylədi. Xanım Cha Chang-Soon ADU-da Koreya dilinin tədrisinin, həmçinin Koreya mərkəzinin açılmasının 20 illiyi münasibətilə keçiriləcək tədbirin əhəmiyyətindən danışıb.

Koreya ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin inkişaf etdiyini deyən səfirin birinci müavini ADU-da fəaliyyət göstərən Koreya dili mərkəzinin bu istiqamətdə böyük rol oynadığını qeyd etdi və əməkdaşlığın genişlənməsində onun rolunu vurğulayıb. ADU-nun Koreya universitetləri ilə əlaqələrinin inkişaf etdirilməsi istiqamətində universitetin apardığı işlərdən və bu ali təhsil ocağında Koreya dili mərkəzinin fəaliyyətindən məmnunluğunu dilə gətirib.

Qeyd edək ki, görüşdən sonra qonaqlar bu gün ADU-da keçirilən "Koreya dili mərkəzinin və Koreya dili ixtisasının təsis edilməsinin 20 illiyi" münasibətilə təşkil olunmuş elmi simpoziuma qatılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə