Azərbaycan IMEX-də ilk dəfə olaraq iştirak edib

Azərbaycan IMEX-də ilk dəfə olaraq iştirak edib

Azərbaycan Konqreslər Bürosu və onun tərəfdaşları Frankfurtda keçirilən IMEX beynəlxalq biznes turizm sərgisində ilk dəfə olaraq iştirak edib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Azərbaycan Konqreslər Bürosunun stendi sərgi iştirakçıları tərəfindən maraqla qarşılanıb. Azərbaycan Konqreslər Bürosunun stendi ilə tanış olan sərgi iştirakçılarına milli şirniyyat məhsulları və şərablar təqdim edilib. Sərgi çərçivəsində Azərbaycan Konqreslər Bürosu və onun üzvləri beynəlxalq tədbir təşkilatçıları və qurucuları ilə 50-dən çox təkbətək görüş və iclaslar keçirib.

Tədbiri işıqlandıran Alman media nümayəndələri də Azərbaycan və eləcə də ölkənin turizm sahəsinin təşviqində böyük rol oynayan Mədəniyyət və Turizm Nazirliyi ilə yaxından maraqlanıb. Eyni zamanda, Azərbaycan nümayəndə heyətinə başçılıq edən mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov IMEX biznes sərgisi çərçivəsində keçirilən Siyasətçilərin Forumunda iştirak edib və forum iştirakçılarını ölkəmizin turizm potensialı haqqında məlumatlarandırıb.

Qeyd edək ki, N. Səmədov həmçinin Ümumdünya Turizm Təşkilatının (ÜTT) Baş katibi Taleb Rifai ilə də görüşüb. Tərəflər ölkənin turizm sahəsinin inkşafı yolları, perspektivləri və qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə