Şəkidə Azərbaycan Memarlar İttifaqı katibliyinin səyyar iclası keçirilib
Şəki şəhərində Azərbaycan Respublikası Memarlar İttifaqı katibliyinin səyyar iclası keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Azərbaycan Memarlar İttifaqının və Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, memarlar, müəssisə və təşkilatların nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Azərbaycan memarlarının layihələrinin nümayiş olunduğu sərgiyə baxıblar.
Tədbiri Azərbaycan Memarlar İttifaqı idarə heyətinin sədri Elbəy Qasımzadə açaraq səyyar iclasın bu şəhərdə keçirilməsinin heç də təsadüfi olmadığını, Şəkinin Azərbaycanın ən qədim və bənzərsiz şəhərlərdən biri olduğunu diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycan xalqının, dövlətinin tarixinin bir hissəsi məhz bu şəhərlə bağlıdır. Şəkinin mədəniyyəti, zəngin memarlığı Azərbaycan memarlığında özünəməxsus yer tutur.
Hər dəfə bu şəhərə gələndə böyük yeniliklərlə qarşılaşdıqlarını diqqətə çatdıran Elbəy Qasımzadə Şəkidə qısa müddət ərzində çox böyük dəyişikliklərin baş verdiyini, şəhərin daha gözəl, abad və cəlbedici olduğunu xüsusi vurğulayıb.
İdarə heyətinin sədri diqqətə çatdırıb ki, son illərdə bölgələrdə belə səyyar müşavirələr mütəmadi olaraq keçirilir. Ötən il Sumqayıt və Göygöl şəhərlərində belə görüşlərin reallaşdırıldığını bildirən E.Qasımzadə cari ildə ilk səyyar müşavirənin Şəkidə keçirildiyini, ilin ikinci yarısında bu təcrübənin Gəncə və ya Naxçıvanda davam etdiriləcəyini söylləyib. Bildirilib ki, bölgələrdə belə səyyar iclasların keçirilməsi, memarların Şəki kimi qədim, gözəl şəhərlərə üz tutması yerli memarlar, mütəxəssislər üçün olduqca faydalıdır. Onlar təcrübəli memarlardan öyrənir, məsləhətlər alır, fikir mübadiləsi aparırlar.
Gündəliyə uyğun olaraq əvvəlcə yerli memar Vidadi Lətifovun Azərbaycan Memarlar İttifaqının üzvlüyünə qəbul məsələsinə baxılıb.
Azərbaycan Memarlar İttifaqının məsul katibi Elçin Əliyevin təqdimatından sonra katibliyin üzvlərinin yekdil rəyi ilə Şəki Şəhər İcra Hakimiyyətində memar-dizayner kimi fəaliyyət göstərən Vidadi Lətifov Memarlar İttifaqına üzv qəbul edilib.
İclasda "Şəkidə aparılan abadlıq-quruculuq işləri prosesində milli memarlıq üslubunun qorunub saxlanması" mövzusunda məruzə dinlənilib. Bildirilib ki, Azərbaycanın ən qədim şəhərlərindən olan Şəki orta əsrlər Şərq şəhərlərinə məxsus olan şəhərsalma mədəniyyətini özündə qoruyub saxlayan bənzəri olmayan bir şəhərdir. Şəkidə dövlət qeydiyyatına götürülmüş 84 tarix və mədəniyyət abidəsi vardır. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına uyğun olaraq, son vaxtlar Şəki şəhərinin milli üslubunun qorunub saxlanması şərti ilə müasirləşdirilməsi istiqamətində böyük işlər görülmüş, şəhərin qədim tarixi binaları bərpa olunmuş, küçə və prospektlər, meydanlar, parklar yenidən qurulub.
Şəki şəhərində aparılan tikinti-quruculuq işlərinin yüksək səviyyədə yerinə yetirilməsini təmin etdiyinə görə şəhər icra hakimiyyətinin rəhbərliyi Azərbaycan Memarlar İttifaqının fəxri fərmanı ilə mükafatlandırılıb.
Qeyd edək ki, iclasın sonunda Azərbaycan Memarlar İttifaqının "Tarixi irs" yaradıcılıq komissiyasının sədri Rizvan Bayramovun "Şəki şəhərinin tarixi hissəsinin qorunması və "Dünya irs" siyahısına daxil edilməsi məsələləri" barədə məlumatı dinlənilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB