“Günahsız günahkarlar”

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Bakı Uşaq Teatrının yeni tamaşasının premyerası olub. SİA-nın məlumatına görə, "Günahsız günahkarlar" adlanan tamaşa Gənclər və İdman Nazirliyinin sifarişi ilə hazırlanıb.

Tamaşanın nümayişindən əvvəl çıxış edənlər bildiriblər ki, bu səhnə əsəri müasir dövrün qlobal problemlərindən olan insan alverinin tanıdılmasına həsr edilib və maarifləndirici xarakter daşıyır.

Diqqətə çatdırılıb ki, bu layihə Bakı Uşaq Teatrı ilə nazirliyin birinci işbirliyi deyil. Daha əvvəl "Həyatla oyun" tamaşası hazırlanmış, təhsil ocaqlarında və bölgələrdə nümayiş etdirilmiş və kifayət qədər marağa səbəb olub.

Çıxış edənlər bu tamaşanın da maraqla qarşılanacağına inandıqlarını söyləyiblər. Bildirilib ki, hansı mövzunu əhatə etməsindən asılı olmayaraq, mədəniyyətin və incəsənətin təbliğatda rolu əvəzsizdir və səhnədə səsləndirilən fikirləri daha geniş auditoriyaya çatdırmaq olar.

Sonra tamaşa təqdim edilib.

Tamaşa gənclər arasında məşhur olan mafiya oyunu üzərində qurulub. Gənclər yığışıb mafiya oynayırlar və özləri də bilmədən insan alveri ilə məşğul olan mafiyanın qurbanlarına çevrilirlər. Kimisi yüksək gəlirli iş adı, kimisi ailə qurmaq pərdəsi ilə aldadılıb xaricə aparılaraq fiziki və cinsi istismara məruz qalır, kimisi orqan transplantasiyasının qurbanı olur. Bəs bütün bu oyunları quran kimdir? Mafiyanı kim idarə edir? Mafiyanı kim ifşa edə bilər? Gənclər insan alveri haqqında nələri bilməlidirlər? Tamaşada bu suallara cavab axtarılır.

Əsərin müəllifi Arzu Soltan, tamaşanın quruluşçu rejissoru İntiqam Soltan, rəssamı Sevda Məmmədova, bəstəkarı Mahir İbrahim, rəqslərin quruluşçusu Könül Şahbazovadır.

Rolları Bakı Uşaq Teatrının aktyorları ifa ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə