Muzeylər Gününə həsr olunmuş tədbir-sərgi təşkil ediləcək

Muzeylər Gününə həsr olunmuş tədbir-sərgi təşkil ediləcək

Mayın 17-də Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında "Muzeylər Gecəsi" aksiyası çərçivəsində Beynəlxalq Muzeylər Gününə həsr olunmuş tədbir-sərgi təşkil ediləcək. Muzeydən SİA-ya verilən məlumata görə, sərgidə gənc rəssamların 100-dən artıq əsəri nümayiş olunacaq.

Tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi, Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağəli İbrahimov, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti, Əməkdar İncəsənət Xadimi Ziyadxan Əliyev, gənc rəssam Elçin Nəsirov və başqaları çıxış edəcəklər.

Tədbir-sərginin bədii hissəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin mahnı və rəqs ansamblı və Azərbaycan Milli Konservatoriyasının nəzdindəki Musiqi Kollecinin muğam üçlüyü musiqili kompozisiya ilə çıxış edəcəklər.

Mərasimdə rəssamlar, Azərbaycan Turizm İnstitutunun, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələri, Gənc Turizm və Diyarşünaslıq Mərkəzinin nümayəndələri və digər qonaqlar iştirak edəcəklər.

Qeyd edək ki, Beynəlxalq Muzeylər Şurasının təşəbbüsü ilə 1977-ci ildən etibarən hər il mayın 18-də dünyanın mədəni ictimaiyyəti Beynəlxalq Muzeylər Gününü qeyd edir. 1978-ci ildən bu bayram hər il 150-dən çox ölkədə qeyd edilir. Həmin gün bütün muzeylərdə "Açıq qapı" elan olunur. 2001-ci ildən Avropanın 39 ölkəsinin qatıldığı "Muzeylər Baharı" adlı aksiya Fransa Respublikasının Mədəniyyət və Kommunikasiya Nazirliyinin təşəbbüsü ilə keçirilir. 2002-ci ildə Azərbaycanın da qoşulduğu bu aksiyanın adı 2005-ci ildən "Muzeylər Gecəsi" ilə əvəz olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə