“Eurovision-2014” mahnı müsabiqəsinin ikinci yarımfinal şousu keçirilib FOTOLAR

“Eurovision-2014” mahnı müsabiqəsinin ikinci yarımfinal şousu keçirilib FOTOLAR

Kopenhagendəki "B and V" Arenanın səhnəsində "Eurovision-2014" mahnı müsabiqəsinin ikinci yarımfinal konserti keçirilib. SİA-nın məlumatına görə, konsert ilk olaraq "Eurovision-2014" şousunun aparıcıları Liza Ronne, Pilo Asbek və Nikolay Koppel tamaşaçıları salamlamış, iştirakçılara uğurlar arzulayıblar. Sonra müsabiqənin təşkilatçıları tamaşaçılara möhtəşəm şou nümayiş etdiriblər.

On beş ölkənin iştirakı ilə keçirilən yarımfinalda səhnəyə birinci Maltanı təmsil edən "Firelight qrupu" çıxıb. Ölkəsini "Coming home" mahnısı ilə təmsil edən müğənninin ifası mövzuya uyğun parlaqlıqla nümayiş etdirilib.

İsrailin gənc, istedadlı müğənnisi Mei Feingold, Norveçdən Karl Espen, Gürcüstandan Mariko və The Shin, Polşadan Donatan və Kleo cütlüyü, Avstriyadan Konçita Vürst, Litva təmsilçisi Vilija Mataciunaite, finlandiyalı Softengine, İrlandiyadan Kasey Smit, belaruslu Teo (Yuri Yaşçuk), Makedoniyadan Tijana Dapkeviç, İsveçrədən Sebalter (Sebastiano Paulessi), Yunanıstandan Friki Fortun və Riskikido, Sloveniyadan Tinkara Kovaç, Rumıniyadan Paula Selinq və Ovi cütlüyü öz ifalarını nümayiş etdiriblər.

Konsertdə diqqəti cəlb edən əsas məqam isə səhnə arxasındakı monitorlarda Danimarkanın nümayiş etdirilən müxtəlif guşələrinin görüntüləri olub.

Yarımfinal mərhələsində iştirak edən 15 ölkənin çıxışlarından sonra 15 dəqiqə ərzində təmsilçilərə səs göndərmək mümkün olub. Fasilədə Avstraliyadan müğənni Cesika Molbe tamaşaçılara maraqlı şou təqdim edib.

Səsvermə nəticəsində iştirakçılar arasından 10 ölkə finala vəsiqə qazanıb. İkinci yarımfinalda 15 ölkə təmsilçisindən finala vəsiqə qazanan 10 ölkənin sıra ardıcıllığı belədir: İsveçrə (1), Sloveniya (2), Polşa (3), Rumıniya (4), Norveç (5), Yunanıstan (6), Malta (7), Belarus (8), Finlandiya (9), Avstriya (10).

Canlı şoudan dərhal sonra qalib ölkələrin təmsilçiləri mətbuat konfransı keçiriblər. Finala vəsiqə qazanan 10 ölkənin təmsilçiləri jurnalistlərin suallarını cavablandırıblar.

Mətbuat konfransında 10 ölkə təmsilçisinin mayın 10-da keçiriləcək finalda çıxış ardıcıllığını müəyyən etmək üçün püşkatma keçirilib.

Qeyd edək ki, müsabiqənin ikinci yarımfinalı dünyanın 45-ə yaxın ölkəsində televiziya ilə canlı yayımlanıb. Milyonlarla televiziya tamaşaçısı isə bu möhtəşəm şounu izləmək şansı əldə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə