Bu gün şair, Azərbaycan Xalq Cümhuriyyətinin və müstəqil Azərbaycan Respublikasının Dövlət himninin sözlərinin müəllifi, tərcüməçi, AYB-nin üzvü olmuş, professor Əhməd Cavadın doğum günüdür. SİA-nın məlumatına görə, Axundzadə Cavad Məhəmmədəli oğlu (Əhməd Cavad) 1892-ci il mayın 5-də Gəncə qəzasının Şəmkir dairəsinin Seyfəli kəndində anadan olub. Gəncə ruhani seminariyasında (1906-1912), Azərbaycan Ali Pedaqoji İnstitutunun tarix və filologiya fakültəsində (1922-1927) təhsil alıb.
Quba Xalq Maarif şöbəsinin müdiri (1920-1922), Gəncədə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda Azərbaycan və rus dilləri kafedrasında müəllim, dosent, kafedra müdiri (1930-1933), Azərbaycan Dövlət Nəşriyyatının tərcümə şöbəsində redaktor (1934), "Azərbaycanfilm" studiyasında sənədli filmlər şöbəsinin müdiri (1935-1936) işləyib.
Şeirləri 1913-cü ildən çap edilib. Yaradıcılığa lirik şeirlə başlayan şairin 1916-cı ildə "Qoşma" adlı ilk kitabı çapdan çıxıb. 1919-cu ildə isə "Dalğa" adlı kitabı nəşr olunub. Onun məşhur "İstiqlal uğrunda şeirlər" kitabı isə 1928-ci ildə İstanbulda buraxılıb.
Əhməd Cavadın həbs edilməsindən sonra mətbuatda onun əleyhinə verilmiş yazıların mahiyyətini başa düşmək üçün materialların yalnız sərlövhələrini burada xatırlamaq kifayətdir:
"Sonadək ifşa etməli" (Abdulla Faruq), "Sıralarımızda düşmənlərə yer yoxdur" (Ağahüseyn Rəsulzadə), "Sıralarımızı təmizləyəlim!" (Cəfər Xəndan), "Təmizliyə başlanmalıdır!" (Məmməd Səid Ordubadi), "Amansız olmalı!" (Mir Cəlal), "Səhvlərimiz haqqında" (Səməd Vurğun), "Sayıqlığın kütləşdiyi yerdə" (Seyfulla Şamilov) və başqaları.
Qeyd edək ki, Əhməd Cavad, haqsız olaraq həbs edilib, dəhşətli işgəncələrə məruz qalıb, 1937-ci il cəza tədbirlərinin qurbanı olub.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB