Cəfər Cabbarlının anadan olmasının 115 illik yubileyi qeyd olunub

Cəfər Cabbarlının anadan olmasının 115 illik yubileyi qeyd olunub

Bu gün Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin ekspozisiyasında Cəfər Cabbarlının anadan olmasının 115 illik yubileyi qeyd olunub. SİA-nın məlumatına görə, tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları, filologiya elmləri doktorları, professorlar Asif Rüstəmli, Rəhim Əliyev, Azərbaycan Kinomatoqrafçılar İttifaqının sədri, xalq artisti Şəfiqə Məmmədova, əməkdar incəsənət xadimi Aydın Mirzəzadə, müğənnilər, media nümayəndələri və başqaları iştirak ediblər.

Tədbirdə şair-drammaturq, əməkdar incəsənət xadimi Cəfər Cabbarlı haqqında geniş məlumat verilib. C.Cabbarlı 1899-cu ildə anadan olub. Qısa ömür ərzində Azərbaycan ədəbiyyatına, mədəniyyətinə əvəzsiz töhfəər verib. 35 illik ömrünün, 20 ilini yaradıcıllıqla məşğul olub. C.Cabbarlı lirik və satirik şeirləri, poema və hekayələri, tərcümələri, dram əsərləri ilə ədəbiyyatımızda böyük şöhrət qazanıb. Yaradıcılığına şeirlərlə başlayan Cabbarlı Azərbaycan drammaturgiyasına "Almaz", "Aydın", "Sevil", "Solğun çiçəklər", "Od gəlini", "Oktay El oğlu" kimi ölməz dram əsərləri bəxş edib. Səhnə sənətimizin inkişafı dövründə dəfələrlə dram əsərlərinə quruluş verən, teatrda həm rejissor, həm də ədəbi hissə müdiri kimi fəaliyyət göstərən C.Cabbarlının eyni zamanda milli kinomuzun inkişafında da misilsiz xidmətləri olub. Belə ki, o, ilk milli kinossenarist və kinorejissorlardandır.

Qeyd edək ki, tədbirin sonunda Cəfər Cabbarlının həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə