Nuriyyə Əhmədova keçmiş həyat yoldaşından danışdı AÇIQLAMA

Nuriyyə Əhmədova keçmiş həyat yoldaşından danışdı AÇIQLAMA

Azərbaycanın xalq artisti Nuriyyə Əhmədova xəstəxanadan evə buraxılıb. Bu haqda SİA-ya aktrisanın özü məlumat verib: "Artıq 3 gündür ki, müalicəmi evdə davam etdirirəm. Ağrılarım hələ də dvam edir. Həkimlər mənə evdə gəzməyi, lakin yorulan kimi istirahət etməyi məsləhət görürlər. Bildiyiniz kimi, mənim yaşamağa evim yoxdur. Nazirliyə məktub yazdım. Bununla bağlı mədəniyyət və turizm nazirliyinin nümayəndələri, həmçinin millət vəkili Qənirə Paşayeva da mənim yanıma gəlmişdi. Onlar da bu işlə maraqlanırlar. Hərhalda gördülər ki, mən nə vəziyyətdə yaşayıram. Övladımla qapılarda qalmışam. Kirayələrdə yaşamaqdan çox yorulmuşam".

Xalq artist keçmiş həyat yoldaşı haqda da danışıb: "Bildiyiniz kimi, qızımı itirdikdən sonra həyat yoldaşımla boşandıq. O da mənim kimi xəstədir və qohumlarının yanında qalır. Bir zamanlar keçmiş həyat yoldaşımla yaşadığımız ev də bizə aid deyildi. Artıq hər kəsə bəllidir ki, mən sənətə gəldiyim gündən ev növbəsindəyəm. 46 ildir ki, bu sənətdəyəm hələ də yaşamağa evim yoxdur. Müvəqqəti sığındığım evdə rütubətdi. Bu da mənim səhhətimə mənfi təsir edir. Onu da deyim ki, bəzi mətbuat orqanlarında yazılır ki, mənim yanıma heç kim gəlməyib. Bu tamamilə yalandır. İstər xəstəxanada, istərsə də evdə olanda sənət dostlarımdan tutmuş, adi insanlara qədər hər kəs məni ziyarət etdi. Hətta Şəki şəhərindən və xarici ölkələrdən də yanıma gələn və zəng edən insanlar oldu. İndi anlayıram ki, həqiqətən də məni və sənətimi sevən insanlar çoxdur".

Nuriyyə Əhmədova hətta onu yataq vəziyyətinə salan sürücüdən də söz açıb: "Mən heç bir zaman kimsəyə pislik etməmişəm. Hadisə baş verən zaman müstəntiqdən xahiş etdim ki, sürücüyə heç bir cəza verməsinlər və onun sənədlərini özünə qaytarsınlar. Onlara bildirdim ki, günahkar özüməm. Çünki, avtobus dayanacağa çatmadan ayağa qalxdım, həmin an da sürücü qəflətən əyləci basdı və belə xoşagəlməz hadisə yaşandı. Onu da xüsusilə diqqətinizə çatdırım ki, öz istəyimlə, heç bir maddiyyat güdmədən sürücüdən şikayət etmədim".

Qeyd edək ki, xalq artisti Nuriyyə Əhmədova aprelin 4-də "Xalqlar Dostluğu" metrosu yaxınlığında sürücünün əyləci sərt basması nəticəsində avtobusun içində yıxılıb və bel nahiyəsindən ağır xəsarət alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə