Ölkəmiz Budapeşt kitab festivalında uğurla təmsil olunub

Ölkəmiz Budapeşt kitab festivalında uğurla təmsil olunub

Macarıstanın paytaxtı Budapeştdə XXI Beynəlxalq Kitab Festivalı başa çatıb. SİA-nın məlumatına görə, dörd gün davam edən festivalda Azərbaycan kitabları nümayiş olunub. Beynəlxalq tədbirdə Mədəniyyət və Turizm Nazirliyi Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin Nəşriyyat sektorunun müdiri Çingiz Əlioğlu və nazirliyin mətbuat katibi İntiqam Hümbətov iştirak edib.

Sərgi müddətində ziyarətçilər ölkəmizin stendinə böyük maraq göstəriblər. Stendimizdə Azərbaycanın tarixi, Qarabağ, zəngin mədəniyyət və incəsənətimiz, eləcə də ölkəmizin turizm imkanları, milli mətbəximiz haqqında Azərbaycan, ingilis, rus, alman və fransız dillərində nəfis tərtibatlı kitablar sərgilənib. Qonaqlara ölkəmizdə nəşriyyat-poliqrafiya sahəsinin inkişafı, Bakıda keçirilən beynəlxalq kitab sərgi-yarmarkaları haqqında məlumat verilib. 2015-ci ildə Bakıda ilk dəfə gerçəkləşəcək Avropa Oyunları barədə məlumatlar, paytaxtımız haqqında tanıtım nəşrləri də maraqla qarşılanıb.

Azərbaycanın Macarıstandakı səfirliyinin əməkdaşları, bu ölkədə təhsil alan azərbaycanlı tələbələr, diaspor təmsilçilərimiz də stendimizlə yaxından tanış olublar. Sərgi başa çatdıqdan sonra Azərbaycan stendindəki kitablar ölkəmizin Macarıstandakı səfirliyinə təqdim olunub.

Qeyd edək ki, sərgidə 20-dək xarici ölkə təmsil olunub. Builki Budapeşt kitab festivalının fəxri qonağı Türkiyə Cümhuriyyəti idi.

Bütün xəbərlər Facebook səhifəmizdə