Bakıda Taras Şevçenkonun yaradıcılığına həsr olunmuş gecə keçirilib

Bakıda Taras Şevçenkonun yaradıcılığına həsr olunmuş gecə keçirilib

Böyük Ukrayna şairi, yazıçısı və mütəfəkkiri Taras Şevçenkonun anadan olmasının 200 illiyinə həsr edilmiş tədbirlər çərçivəsində Bakıda Mədəniyyət və Turizm Nazirliyinin və Ukraynanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə gecə keçirilib. SİA-nın məlumatına görə, tədbiri Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Vaqif Bəhmənli açaraq bildirib ki, Ukrayna mədəniyyəti üçün T.Şevçenko ədəbi irsinin əhəmiyyəti əvəzsizdir. Ukraynanın mənəvi tarixində şairin müstəsna yeri vardır. Şairin "Kobzar" əsəri Ukrayna ədəbiyyatının və dilinin inkişafında yeni mərhələnin başlanğıcını qoyub. Onun təbiət mənzərələri ilə zəngin yaradıcılığı təkcə Ukrayna ədəbiyyatında deyil, dünya ədəbiyyatında hadisəyə çevrilib.

V.Bəhmənli T.Şevçenkonun 200 illiyi münasibətilə şairin Azərbaycan dilində çap olunmuş iki kitabını Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişşenkoya hədiyyə edib.

Ukrayna səfiri bildirib ki, Ukrayna ilə Azərbaycan arasında həmişə mehriban dostluq münasibətləri olub. O, Ukraynanı dəstəklədiyinə görə Azərbaycan rəhbərliyinə minnətdarlığını bildirib.

1984-cü ildə Maksim Rılski adına ədəbi mükafata layiq görülmüş Abbas Abdulla Azərbaycanda T.Şevçenkonun həyat və yaradıcılığının öyrənilməsinin ənənələrindən söz açıb.

Diqqətə çatdırıb ki, T.Şevçenkonun zəngin ədəbi irsi, onun həyat və yaradıcılıq yolu Azərbaycan ədəbiyyatşünasları üçün çox maraqlı araşdırma mənbəyidir. Mikayıl Rəfili, Mehdi Hüseyn, Məmməd Arif, Məmməd Cəfər, Şıxəli Qurbanov, Şamil Qurbanov, Pənah Xəlilov, Əkbər Ağayev, Cəfər Cəfərov, Əziz Mirəhmədov, Bəkir Nəbiyev, Orucəli Həsənov, Həbib Babayev, Mikayıl Rzaquluzadə, Nəriman Həsənzadə, Abbas Abdulla, Vaqif Arzumanlı, Tamara Şərifli öz monoqrafiyalarını, elmi-tədqiqat əsərlərini, şeirlərini və resenziyalarını şairin həyat və yaradıcılığının müxtəlif aspektlərinə həsr ediblər.

Qeyd edək ki, daha sonra incəsənət ustalarının konserti olub. Onlar Ukrayna və Azərbaycan dillərində mahnılar və rəqslər ifa ediblər. Gecədə Taras Şevçenkonun Ukrayna və Azərbaycan dillərində şeirləri səslənib.

Bütün xəbərlər Facebook səhifəmizdə