Kinorejissor Tofiq İsmayılovun 75 illik yubileyi keçiriləcək

Kinorejissor Tofiq İsmayılovun 75 illik yubileyi keçiriləcək

26 aprel, saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində milli kino sənətinin inkişafında əhəmiyyətli xidmətləri olan tanınmış kinorejissor, xalq artisti, professor Tofiq İsmayılovun anadan olmasının 75, sənət fəaliyyətinin 55 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək. SİA-nın məlumatına görə, tanınmış elm və incəsənət xadimlərinin, xarici qonaqların da iştirak edəcəyi tədbirdə sənət adamlarının rejissor haqqında fikirləri dinləniləcək, filmlərindən fraqmentlər nümayiş olunacaq.

Tofiq İsmayılov M.A.Əliyev adına Teatr İnstitutunun aktyorluq (1958-1962) və rejissorluq fakültələrində (1962-1968), sonra isə Moskvada kinorejissor və kinossenaristlərin ikiillik ali kurslarında (1968-1970) təhsil alıb. Ötən əsrin 50-ci illərində sənətə gələn Tofiq İsmayılov sonrakı illər ərzində teatr, kino, radio və televiziya sahələrində fəaliyyət göstərmişdir. 1971-ci ildən "Azərbaycanfllm" kinostudiyasında bədii fılmlərin quruluşçu rejissoru vəzifəsində işləyib. Ötən müddət ərzində onlarla bədii filmə quruluş verib. Həmin filmlər arasından "Gilas ağacı", "Bir küçənin oğlanları", "Oxuyur Müslüm Maqomayev", "Mən nəğmə bəstələyirəm", "Vulkana doğru", "Əzablı yollar", "Musiqi müəllimi", "Sürəyya" və başqa, yüksək bədii zövqü ilə seçilən, milli-mənəvi dəyərlərimizin qorunmasına və təbliğinə xidmət edən filmləri qeyd etmək olar. Tofiq İsmayılovun yarım əsrdən çox dövrü əhatə edən sənət yolu yalnız yaradıcılıqla məhdudlaşmır. O, uzun illərdir ki, Mədəniyyət və İncəsənət Universitetinin professorudur, yetişdirdiyi bir çox tələbələr bu gün sənətdə aparıcı mövqedədirlər. Tofiq İsmayılov bir müddət Türkiyənin Memar Sinan adına Gözəl Sənətlər Universitetində dərs demiş, iki dost ölkə arasındakı mədəni əlaqələrin möhkəmləndirilməsinə xidmət göstərib. Tofiq İsmayılov mədəniyyətimiz qarşısındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb, xalq artisti, Əməkdar İncəsənət Xadimi fəxri adları ilə təltif olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə