Bu gün Niyazinin mənzil-muzeyində görkəmli Azərbaycan bəstəkarı, əməkdar incəsənət xadimi Zülfüqar Hacıbəyovun anadan olmasının 130 illiyinə həsr olunan tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Niyazi mənzil-muzeyinin müdiri Rza Bayramov, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin şöbə müdiri Xanım Abdinova, musiqi ictimaiyyəti, Bəstəkarlar İttifaqının üzvləri, Bakı Musiqi Akademiyasının müəllim və tələbə heyəti, Bakı muzeyinin əməkdaşları, KİV nümayəndələri və başqaları iştirak ediblər.
Tədbiri giriş sözü ilə Niyazi mənzil muzeyinin müdiri Rza Bayramov açaraq Zülfüqar Hacıbəyovun ilk Azərbaycan operettası – "50 yaşında cavan"ın (1910) müəllifi olduğunu bildirib: "Bu operetta Azərbaycan səhnəsində komediya janrının ilk nümunəsi sayılır. Mətni də, musiqisi də Zülfüqar Hacıbəyova məxsus olan əsər sadə və əyləncəli məzmuna malik üçpərdəli və dördşəkillidir. Azərbaycan mədəniyyətində Zülfüqar Hacıbəyovun özünəməxsus yeri və rolu mövcuddur".
Sonra Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin şöbə müdiri Xanım Abdinova çıxış edərək Zülfüqar Hacıbəyovun həyat və yaradıcılığı haqqında söz açıb: "Zülfüqar Əbdülhüseyn oğlu Hacıbəyli 1884-cü il aprelin 17-də Şuşa şəhərində anadan olub. Zülfüqarın kiçik qardaşları Üzeyir və Ceyhunun sənətdə, milli baxışlarının formalaşmasında oynadığı "böyük qardaş" rolu haqda sənədlər, söhbətlər, xatirələr çoxdur. Bu barədə onun öz xatirələri də vardır. Professional musiqimizin banisi Üzeyir Hacıbəyli, böyük bəstəkar və dirijor Müslüm Maqomayev, əfsanəvi səhnə ustaları Hüseynqulu Sarabski, Hüseyn Ərəblinski kimi sənət fədailəri sırasında Zülfüqar Hacıbəylinin də məxsusi yeri vardır. O dövrün, yəni ötən əsrin 20-ci, 30-cu illərinin məşhur mahnıları olan "Kənd qızı", "Çoban qız", "Əsgər nəğməsi" məhz ilk bəstəkar mahnıları sayılır. Klassik musiqinin yaradılmasında da Zülfüqar Hacıbəyovun zəhməti böyükdür. O, 1932-ci ildə "Kölə qadınların rəqsi" adlı simfonik pyes bəstələyib. Bundan başqa, Zülfüqar Hacıbəyov bir sıra kantatalar da yaradıb. 1935-ci ildə oğlu, məşhur dirijor Niyazi ilə birlikdə Cəfər Cabbarlının eyniadlı pyesi əsasında çəkilən ilk səsli Azərbaycan filminə - "Almaz"a musiqi yazıb.
Zülfüqar Hacıbəyovun son əsəri 1950-ci ildə Zakir Bağırovla birlikdə yazdığı kantata olub. Elə həmin ilin sentyabrında Zülfüqar Hacıbəyov dünyasını dəyişir. Zülfüqar Hacıbəyovun əsərləri Azərbaycan musiqi sənətində yeni yaradıcılıq formalarının meydana gəlməsi prosesini sürətləndi. "Evli ikən subay", "11 yaşlı arvad və varlı" musiqili komediyaları və "Aşıq Qərib" operası Zülfüqar Hacıbəyova böyük şöhrət gətirib".
Tədbirin bədii hissəsində Bakı Musiqi Akademiyasının professoru, Əməkdar incəsənət xadimi Ülviyyə Hacıbəyovanın, Azərbaycan Dövlət opera və balet teatrının solistləri Elnur Zeynalov və Vüsalə Musayevanın, Bakı Musiqi Akademiyasının tələbələrinin ifalarında bəstəkarın əsərlərindən ibarət konsert proqramı təqdim olunub. Həmçinin Z.Hacıbəyov və Niyazinin musiqisini yazdığı "Almas" kinofilmindən fraqment nümayiş olunub.
Qeyd edək ki, muzeyin foyesində Zülfüqar Hacıbəyovun həyat və yaradıcılığını əks etdirən, muzeyin fondunda mühafizə olunan materiallardan ibarət sərgi nümayiş olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB