Şən və hazırcavablar klubları yarışmasının ilkin mərhələsi başa çatıb

Şən və hazırcavablar klubları yarışmasının ilkin mərhələsi başa çatıb

Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında Bakı şəhər şən və hazırcavablar klubları yarışmasının ilkin mərhələ görüşləri keçirilib. SİA-nın məlumatına görə, yarışın təşkilatçısı Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzinin nəzdində yeni yaradılmış Bakı Şəhər Şən və Hazırcavablar Klubudur.
Yarışma dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində maraqların təmsil edilməsi, respublikanın ictimai, mədəni, sosial, iqtisadi həyatında gənclərin fəal iştirakının təmin olunması və əhalinin asudə vaxtının səmərəli təşkili məqsədilə keçirilir.
Müsabiqənin başlanğıc mərhələsinə "Bineyi-qədim" (Binəqədi rayonu), "Eksopromt" (Xəzər rayonu), "Ağşəhərlilər" (Xətai rayonu), "Sürpriz" (Nəsimi rayonu), "Qaradağ" (Qaradağ rayonu), "Atəşgah" (Suraxanı rayonu), "Adrenalin" (Nərimanov rayonu), "Yasamal hazırcavabları" (Yasamal rayonu), "Kreativ" (Nizami rayonu) və "Rahat kainat" (Sabunçu rayonu) komandaları qatılmışlar.
Görüşdə "Ekspromt", "Atəşgah", "Rahat kainat", "Sürpriz", "Yasamal hazırcavabları" və "Qaradağ" komandaları yarımfinala vəsiqə qazanıblar.
Münsiflər heyətində Mədəniyyət və Turizm Nazirliyinin dövlət əhəmiyyətli tədbirlərin təşkili və yaradıcı gənclərlə iş sektorunun müdiri Mənzərxanım Nurəliyeva, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəis müavini İsmayıl Hüseynov, əməkdar artist Loğman Kərimov, Azərbaycan Dövlət Pantomima Teatrının yaradıcısı və baş rejissoru, xalq artisti Bəxtiyar Xanızadə, aktyor Bəhram Bağırzadə və Bakı Şəhər Şən və Hazırcavablar Klubunun rəhbəri Samid Rzayev iştirak ediblər.

Qeyd edək ki, Bakı şəhər şən və hazırcavablar klubları yarışmasının yarımfinalı sentyabr ayında keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə