Azərbaycanın turizm potensialını təbliğ olunacaq

Azərbaycanın turizm potensialını təbliğ olunacaq

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) çərçivəsində Azərbaycanın turizm potensialını təbliğ etmək məqsədilə cari ilin 2-6 aprel tarixində Qazaxıstan, Qırğızıstan və Türkiyənin müvafiq dövlət qurumları, kütləvi informasiya vasitələri və turizm şirkətlərinin 15 nəfərdən ibarət qrupu üçün Azərbaycanda infotur keçiriləcək. SİA-nın məlumatına görə, infotur zamanı nümayəndə heyətinin Bakı şəhəri ilə yanaşı, Şamaxı, Qəbələ, İsmayıllı rayonlarına və Şəki şəhərinə səfəri planlaşdırılır.

Səfər zamanı Azərbaycanın tarixi-mədəni abidələri, adət ənənələri, mədəni irsi və turizm potensialı ilə tanışlıqla yanaşı, adı çəkilən ölkələrdə yayımlanması məqsədilə müxtəlif çəkilişlərin aparılması və təbliğat xarakterli yazıların yazılması nəzərdə tutulur.

Nümayəndə heyəti həmçinin 3 aprel tarixində "AİTF – 2014" Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisinin açılışında iştirak edəcək.

Qeyd edək ki, bu tədbirin keçirilməsi Azərbaycan tərəfinin təşəbbüsü ilə TDƏŞ-in Turizm sahəsində əməkdaşlıq üzrə İşçi qrupunun 1-ci iclasının Yekun sənədinə uyğun olaraq qərara alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə