Lütfəli Abdullayevin 100 illik yubileyi qeyd edilib FOTO

Lütfəli Abdullayevin 100 illik yubileyi qeyd edilib FOTO

Dövlət Film Fondunda xalq artisti, Dövlət Mükafatı laureatı Lütfəli Abdullayevin 100 illik yubileyi qeyd edilib. SİA-nın məlumatına görə, sənətkarın 100 illik yubiley tədbirləri Prezident İlham Əliyevin 2014-cü il 13 fevral tarixli Sərəncamı əsasında qeyd edilir.
Tədbir iştirakçıları əvvəlcə Dövlət Film Fondunun foyesində görkəmli sənətkara həsr edilmiş fotosərgi ilə tanış olublar.
Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının və Dövlət Film Fondunun birgə təşkilati dəstəyi ilə keçirilən tədbirdə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi, Əməkdar İncəsənət Xadimi Cəmil Quliyev çıxış edərək Lütfəli Abdullayevin Azərbaycan Dövlət Musiqili Teatrının səhnəsində bənzərsiz obrazlar yaratdığını diqqətə çatdırıb: "Lütfəli Abdullayev həm də populyar kino aktyoru idi. Kinoda ilk və son dərəcə uğurlu işi 1945-ci ildə lentə alınmış "Arşın mal alan" filmində Vəli rolu olub. O, bu rola görə 1946-cı ildə Dövlət Mükafatına layiq görülüb. Lütfəli Abdullayev, həmçinin "Əhməd haradadır?"da Zülümov, "Ulduz"da Məhəmməd, "Qəribə əhvalat"da Kefçilov kimi yaddaqalan rollar yaratmaqala tamaşaçıların sevgisini qazanıb".

Daha sonra kinoşünaslar Aydın Kazımzadə və Ayaz Salayev də söz alaraq sənətkarın həyat yolundan və yaradıcılıq axtarışlarından söz açıblar.

Tədbirdə sənətkarın qızı, rejissor Gülnarə Abdullayeva çıxış edərək mərhum sənətkarın ailəsi adından atasının sənətinə verilən yüksək qiymətə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.

Nəzərinizə çatdıraq ki, sevimli aktyorumuz Lütfəli Abdullayev 1914-cü il 22 martda Nuxa şəhərində (indiki Şəki) doğulub. 1973-cü il dekabrın 9-da Bakıda vəfat edib və Fəxri xiyabanda dəfn olunub.

Qeyd edək ki, sonda Lütfəli Abdullayevə həsr edilmiş "İkinci ömür" sənədli filmi nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə