“Pompey”ə dünya premyerasından əvvəl Park Cinema-da baxılacaq

“Pompey”ə dünya premyerasından əvvəl Park Cinema-da baxılacaq

Fevral ayının ən çox gözlənilən filmlərindən biri olan "Pompey" filmi dünya premyerasından bir gün əvvəl - fevralın 19-da saat 21:00-da Metropark-dakı Park Cinema kinoteatrında nümayiş etdiriləcək. Bu barədə SİA-ya məlumat verən Park Cinema kinoteatrlar şəbəkəsinin direktoru Namiq Quliyev premyeradan öncəki nümayişə biletlərin artıq satışa çıxarıldığını deyib.

Namiq Quliyev fevralın 20-dən etibarən "Pompey" filminin Park Cinema kinoteatrlar şəbəkəsinin digər kino zallarında da nümayiş etdirilməyə başlayacağını vurğulayıb: "Film Pompey şəhərini yer üzündən silmək təhlükəsi önündə qoyan qlobal fəlakət – Vezuviy vulkanının püskürməsi fonunda qulun varlı patrisinin qızına olan yasaq məhəbbətindən bəhs edir. Milon adlı qul (Kit Herinqton) azad olduqdan sonra sahibinin (Cared Harris) qızı nəcib Kassiya (Emili Brauninq) ilə evlənəcəyi günü xəyal edir. Lakin çox keçmir ki, o, Kassiyanın pula düşkün və korrupsiyaya bulaşmış Roma senatoru (Kifer Sazerlend) ilə nişanlandığını öyrənir. Milonun özünü isə Neapolda yaşayan başqa bir əsilzadəyə satırlar. Vezuviy püskürməyə başlayan kimi Milon öz məhəbbətini və amfiteatrda tələyə düşmüş ən yaxın dostunu - qladiatoru (Adevale Akinnuoye-Aqbadce) xilas etmək üçün Pompeyə geri qayıdır".

Park Cinema kinoteatrlar şəbəkəsinin direktoru Namiq Quliyev "Pompey" filminin kinosevərlər tərəfindən bəyəniləcəyinə inandığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə