Tanınmış aşıqların xatirə gecəsi keçirillib

Tanınmış aşıqların xatirə gecəsi keçirillib

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Aşıqlar Birliyinin (AAB) birgə təşkilatçılığı ilə tanınmış aşıqlar - Aşıq Rza Qobustanlının 70 illik yubileyi və onun vaxtsız dünyasını dəyişmiş oğlu Aşıq İslam Qobustanlının xatirə gecəsi keçirilib. SİA-nın məlumatına görə, gecədə Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutu direktorunun müavini, AAB-nin sədr müavini, Əməkdar Elm Xadimi Məhərrəm Qasımlı, Qobustanlılar ailəsinin gənc davamçısı Rza İslamoğlu, Əməkdar Mədəniyyət İşçisi Aşıq Əhliman, xalq artisti Canəli Əkbərov, mədəniyyət, incəsənət, ədəbiyyat xadimləri və media nümayəndələri iştirak ediblər.

Tədbir mərhum aşıqlar Rza və İslam Qobustanlıların videogörüntülərinin nümayişi ilə açılıb.
Ardınca Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutu direktorunun müavini, AAB-nin sədr müavini, Əməkdar Elm Xadimi Məhərrəm Qasımlı ustad sənətkar Aşıq Rza Qobustanlı və onun dünyadan nakam getmiş oğlu İslamın sənətkarlığından söz açıb: "Gözəl səsə, yüksək insani keyfiyyətə malik ata və oğul Azərbaycan aşıq sənətinin, ifaçılıq məktəbinin görkəmli nümayəndələrindən olublar. Onlar aşıq sənətində özünəməxsus ifa tərzləri ilə də seçiliblər".

Nəzərinizə çatdıraq ki, tədbirdə Qobustanlılar ailəsinin gənc davamçısı Rza İslamoğlu, Əməkdar Mədəniyyət İşçisi Aşıq Əhliman, xalq artisti Canəli Əkbərov və başqaları onların vaxtilə ifa etdikləri el havaları səsləndiriblər.

Qeyd edək ki, tədbir çərçivəsində həyatdan vaxtsız getmiş Aşıq İslam Qobustanlıya həsr edilmiş "Aşıq İslam dünyası" kitabının təqdimatı olub. "Elm və təhsil" nəşriyyatında çapdan çıxmış kitabın müəllifi Tofiq Abdullayevdir.

Bütün xəbərlər Facebook səhifəmizdə