“Yunus Əmrə-Eşqin səsi” filminin Qala gecəsi keçirilib FOTOLAR
Nizami Kino Mərkəzində "Yunus Əmrə-Eşqin səsi" filminin Qala gecəsi keçirilib. SİA-nın məlumatına görə, gecədə filmin ssenari müəllifi və rejissoru Kürşad Kızbaz, aktyorlar Devrin Emin, Altan Gördüm, Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkun, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, Millət vəkili Qənirə Paşayeva, media nümayəndələri və başqaları iştirak ediblər.
Qala gecəsini ilk olaraq Nizami Kino Mərkəzinin direktoru Vüqar Zeynalov açaraq bu cür möhtəşəm filmin bu məkanda keçirilməsinə sevindiyini bildirib: "Bu cür tədbirlər ortaq türk dəyərlərinin formalaşmasına, eyni zamanda, yaradıcı insanlar arasında əlaqələrin inkişafına öz töhfələrini verəcək".
Daha sonra Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkun söz alaraq filmin Yunus Əmrənin həyatından bəhs etdiyini diqqətə çatdırıb: "Bu cür tədbirlərin dostluq, həmrəylik və birlik körpülərinin daha da möhkəmlənməsinə zəmin yaradacağını, o cümlədən Azərbaycan-Türkiyə mədəni əlaqələrinə əhəmiyyətli töhfə verəcək. Düşünürəm ki, möhtəşəm film alınıb. Əminəm ki, tamaşaçılar da filmi izlədikdən sonra bəyənəcələr. Artıq Nizami Kino Mərkəzində bu cür möhtəşəm filmlərin Qala gecəsinin keçirilməsi ənənə halını alıb. İnşaAllah yenə də yeni və gözəl filmlərlə sizlərin qarşısına gələrik. Sevindirici haldır ki, artıq Türkiyədə peşəkar ssenarist, rejissor və aktyor var. Bu da tamaşaçılara daha səviyyəli filmlər nümayiş etdirməyimizə kömək edir".
Filmin ssenari müəllifi və rejissoru Kürşad Kızbaz da çıxış edərək film haqda müəyyən informasiyalar verib: "Üç il müddətinə çəkilən bu film Anadolunun dörd mövsümünün rənglərini əks etdirir. Biz filmdə sevgini bölüşdük. Maraqlanıb gəldiyinizə görə hər birinizə minnətdaram. Onu da deyim ki, tamaşaçılardan bir xahişim var. Əgər filmi izlədikdən sonra bəyənəcəksinizsə, o zaman baxa bilməyən dostlarınıza da məsləhət verin. Qoy, onlar da gəlib bu filmi izləsinlər. Ümid edirəm ki, sözügedən film Azərbaycanın bütün kino mərkəzlərində nümayiş olunacaq".
Nəzərinizə çatdıraq ki, filmin təqdimat mərasimi Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və turizm müşavirliyinin və TİKA-nın təşkilatçılığı ilə baş tutub.
Filmin çəkilişi Yunus Emrənin məmləkəti olan Əskişəhərin - ötən il türk dünyasının mədəniyyət paytaxtının - "Qalıcı əsərlər" layihəsi çərçivəsində reallaşdırılıb.
Ekran əsəri yüzillikləri aşan fikirləri ilə tarixin önəmli mütəfəkkiri kimi qəbul edilən, humanizm carçısı, Allaha sevgisini, eşq və əxlaqla bağlı fikirlərini paylaşan, Türkiyə Anadolusunun ən böyük övliyalarından biri, ilahi eşq yolunda özünü axtaran, səkkiz əsr əvvəl yüksələn mənəviyyat memarı Yunus Əmrənin həyatından bəhs edir.
Yunus Əmrə obrazını əvvəllər də tarixi şəxsiyyətlərin obrazını yaratmış Devrim Evin canlandırıb. Filmdə, həmçinin Burak Sergen, Altan Erkekli, Altan Gördüm, Əhməd Mekin iştirak edibər.
Qeyd edək ki, sonda film nümayiş olunub və böyük alqışlarla qarşılanıb.
Şəkillərin müəllifi Şiraslan Vəliyevdir:
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB