“Eurovision”un rəsmi saytında Azərbaycanın milli seçimi haqqında geniş məlumat yer alıb
"Eurovision" mahnı müsabiqəsinin rəsmi saytında Azərbaycanın "Eurovision-2014" mahnı müsabiqəsi üzrə milli seçimi haqqında geniş məlumat yer alıb. SİA-nın "Eurovision" mahnı müsabiqəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, "Azerbaijan: Results of the first heat" sərlövhəli yazıda ölkəni təmsil etmək uğrunda münsiflər heyəti qarşısında 14 namizədin mübarizə apardığı diqqətə çatdırılıb.
Bildirilib ki, "Böyük səhnə"nin ilk şousu Lalə Sultanın ifasında "Eurovision-2012" mahnı müsabiqəsində Yunanıstan təmsilçisi Eleftherianın "Aphrodisiac" mahnısı ilə başlanıb. Valeriya Hüseynzadə isə "Eurovision-2013" müsabiqəsində alman təmsilçisinin "Glorious" mahnısını ifa edib.
"Böyük səhnə" Beynəlxalq vokal layihəsinin münsiflər heyətinə "Eurovision-2011" mahnı müsabiqəsinin qalibi Eldar Qasımov, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Əməkdar İncəsənət Xadimi Zümrüd Dadaşzadə, xalq artisti Mübariz Tağıyev, əməkdar artist Tünzalə Ağayeva, televiziya aparıcısı Murad Arif daxildirlər.
Nəzərinizə çatdıraq ki, növbəti mərhələyə on nəfər – Dilarə Kazımova, Elton İbrahimov, Erkin Osmanlı, Azad Şabanov, Aydın Eyvazzadə, Fuad Əsədov, Hülya İbadova, Xana Həsənova, Samirə Əfəndiyeva, Valeriya Hüseynzadə keçib. Onlardan ilk 6-sı müsabiqənin şərtlərinə əsasən, 46 və ondan çox bal topladıqları üçün birbaşa, qalanları isə münsiflər heyətinin seçimi əsasında növbəti mərhələyə vəsiqə alıblar.
Qeyd edək ki, Danimarkanın Kopenhagen şəhərində "Bizə qoşulun!" şüarı altında keçiriləcək "Eurovision-2014" mahnı müsabiqəsinin birinci və ikinci yarımfinalları müvafiq surətdə mayın 6-sı və 8-də, final mərhələsi isə mayın 10-da olacaq. Azərbaycan təmsilçisi yarışmanın birinci yarımfinalında çıxış edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB