Bir zaman səhnədə Qu quşu obrazını canlandıranda, zərif bədəninin plastika imkanlarından məharətlə istifadə edərək bütöv bir əfsanəni musiqinin müşayiəti ilə auditoriyaya çatdıranda, sənətsevərlərə və pərəstişkarlarına ən ülvi hissləri aşılayanda ağlına belə gətirməzdi ki, vaxt gələcək, o da öz sənəti ilə insanların qəlbində əfsanəyə çevriləcək. Rəqsin, baletin hələ uşaq vaxtından vurğunu olan bu gözəl qız böyük yaradıcılıq enerjisi ilə canlandırdığı obrazlara bütün ruhunu verir, tamaşaçıları öz qəhrəmanının arzusuna, sevincinə, kədərinə şərik etməyi bacarırdı. SSRİ və Azərbaycan SSR-in Xalq Artisti, Dövlət mükafatı laureatı Leyla Vəkilova yaratdığı Odetta, Odilliya, Avrora, Kitri, Jizel, Qaraca qız, Şirin, Aişə, Gülyanaq və digər obrazlarla incəsənət tariximizə ən parlaq səhifələr yazıb.
SİA-nın məlumatına görə, Leyla Məhəd qızı Vəkilova 1927-ci il yanvar ayının 29-da Bakıda dünyaya göz açıb. Xoreoqrafiya məktəbində görkəmli sənətkar Qəmər Almaszadədən sənətin incəliklərini öyrənmiş, 1943-cü ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppasına solist qəbul edilib. İxtisasını təkmilləşdirmək məqsədilə 1945-1946-cı illərdə Moskva Xoreoqrafiya Məktəbində xüsusi kurs keçmiş, Bakıya qayıtdıqdan sonra Opera və Balet Teatrının aparıcı balet aktrisası kimi çalışıb.
Leyla Vəkilova müxtəlif illərdə teatrın səhnəsində A.Adamın "Jizel", R.Qlierin "Qırmızı lalə", P.Çaykovskinin "Sonalar gölü", "Yatmış gözəl", "Şelkunçik", L.Minkusun "Don Kixot", A.Kreynin "Laurensiya", B.Zeydmanın "Qızıl açar", B.Asafyevin "Bağçasaray fəvvarəsi", Ə.Bədəlbəylinin "Qız qalası", Q.Qarayevin "Yeddi gözəl", "İldırımlı yollarla", S.Hacıbəyovun "Gülşən" və digər baletlərdə yaddaqalan obrazlar yaradıb.
Sənətkar klassik balet elementləri ilə milli rəqs hərəkətlərimizi ustalıqla birləşdirərək uğurlu ifa təqdim edib. Yüksək səhnə mədəniyyəti, ifa texnikası və artistizm onun yaradıcılığının başlıca xüsusiyyətlərindən olub.
Leyla Vəkilovanın ifası emosionallığı, zərifliyi, cazibəli coşqunluğu, çevikliyi ilə seçilirdi. Psixoloji məzmuna malik hərəkətləri sanki dil açıb danışırdı. Ə.Bədəlbəylinin "Qız qalası"nda böyük məharət və ustalıqla oynadığı Gülyanaq insanlara həyatsevərliyi, paklığı aşılayırdı. A.Məlikovun "Məhəbbət əfsanəsi" baletində canlandırdığı Şirin obrazı tamaşaçıların qarşısında dərin məhəbbət hisslərindən pərvazlanan insan idi.
Ə.Abbasovun "Qaraca qız" baleti məhz Leyla Vəkilova üçün yazılmış, səhnə əsərinin xoreoqrafiyası balerinanın yaradıcılıq diapazonu üçün nəzərdə tutulub. Q.Qarayevin "Yeddi gözəl"indəki Ayişə surəti isə sənətkarın milli balet səhnəsində uzun sürən liderliyini təmin edib. Leyla Vəkilovanın səhnə qəhrəmanları müxtəlif dövrlərə və sosial təbəqəyə mənsub olsalar da, onları məhəbbətə bağlılıq və sadiqlik kimi ümumi cəhət birləşdirirdi. Balerinanı da qəhrəmanlarına bağlayan onun öz sənətinə olan böyük sevgisi və sadiqliyi idi. Odur ki, sənətkarın sevgi dolu şəxsi duyğularının əlavə olunduğu bu obrazlar mükəmməl bədii-xoreoqrafik surətlər kimi balet sənətimizin ən gözəl incilərindəndir. Görkəmli balerina keçmiş SSRİ-nin respublikalarında, eləcə də dünyanın bir çox ölkələrində ifaçı və baletmeyster kimi uzunmüddətli qastrol səfərlərində olmuşdur. 1959-cu ildə Moskvada keçirilən Azərbaycan incəsənəti ongünlüyündə balerina "Qız qalası", "Yeddi gözəl" və "Gülşən" əsərlərində baş rollarda çıxış edib. O dövrdə Moskva çıxışları azərbaycanlı balerinanın "ulduz saatı" adlandırılıb.
Balet ustası 1953-cü ildən ömrünün sonunadək Bakı Xoreoqrafiya Məktəbində klassik rəqslər fənnindən dərs demiş və 1992-ci ildən bu təhsil ocağına bədii rəhbərlik edib. O, həmçinin 1976-1982-ci illərdə Azərbaycan Dövlət Rəqs Ansamblının rəhbəri olub. Leyla Vəkilovanın yetirmələri nəinki Vətənimizdə, hətta onun hüdudlarından kənarda da milli balet sənətimizin çiçəklənməsində səmərəli xidmətlər göstərmiş və ustadlarından öyrəndiklərini bu gün də gənc nəslə çatdırmaqdadırlar. Leyla Vəkilovanın yaradıcılığı Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən yüksək qiymətləndirilmiş, balerinanın anadan olmasının 70 illik yubiley tədbirində Ulu Öndər şəxsən iştirak edib.
Qeyd edək ki, görkəmli balet ustası Leyla Vəkilova 1999-cu il fevralın 20-də Bakıda vəfat etmiş, Fəxri xiyabanda dəfn olunub. Onun əbədiyaşar sənət naminə gərgin əməyi Azərbaycan xalqı və dövləti tərəfindən çox yüksək qiymətləndirilmiş, Vətənin ən yüksək fəxri adlarına və mükafatlarına layiq görülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB