Kamran İmanov: "Keçən il 195 müəllifin 578 əsəri qeydiyyatdan keçirilib"
"Əsərlərin könüllü qeydiyyat sistemini tətbiq edən ilk ölkələrdən biri kimi Azərbaycanda qeydiyyat sisteminin tətbiq olunduğu 1996-cı ildən bu günə qədər Müəllif Hüquqları Agentliyində 9 mindən çox əsər və əlaqəli hüquqların obyektləri qeydiyyatdan keçirilib". Bunu SİA-ya açıqlamasında Agentliyin sədri Kamram İmanov 2013-cü ilin yekunu ilə bağlı danışarkən deyib.
Onun sözlərinə görə, 2013-cü ildə 195 müəllifin 578 əsəri qeydiyyatdan keçirilib və əsərin qeydiyyatı haqqında 365 şəhadətnamə verilib: "13 müəllifin 21 əsəri elektron qaydada qeydiyyatdan keçirilib və əsərin qeydiyyatı haqqında 21 şəhadətnamə verilib. Beləliklə, 1996-2013-cü illərdə qeydiyyatdan keçirilmiş əsərlərin ümumi sayı 9133 olub. Bundan əlavə, 2013-cü ildə istifadəçi təşkilatlar tərəfindən 92 min manatdan artıq müəllif qonorarı hesablanıb, 303 nəfər müəllifə köçürmə yolu ilə 50279 manat qonorar ödənilib".
K. İmanov qeyd edib ki, Azərbaycan piratçılığa qarşı beynəlxalq səviyyədə mübarizənin fəal iştirakçılarından biridir: "Ölkədə 2013-cü ildə piratçılığın səviyyəsi kitab nəşri sahəsində 2005-ci illə müqayisədə 61%-dən 30%-ə, audio-video məhsulları bazarında 90%-dən 67%-ə, proqram təminatında 96%-dən 87%-ə qədər aşağı düşüb".
O həmçinin əlavə edib ki, Agentlikdə açılan 960 nömrəli "Qaynar xətt"ə hesabat dövründə 700-ə yaxın müraciət daxil olub, ictimai əsaslarla fəaliyyət göstərən "Hüquq məsləhətxanası"na 500-dən çox vətəndaş müraciət edib, müraciətlərə operativ qaydada baxılması təmin edilib, dövlət və məhkəmə orqanlarının sorğuları əsasında 9 ekspert rəyi hazırlanıb: "Əqli mülkiyyət mədəniyyətinin formalaşdırılmasının vacibliyini nəzərə alaraq, 10 konfrans, seminar və dəyirmi masa keçirilib, kütləvi informasiya vasitələrində 80-dən çox məqalə və müsahibə dərc olunub, TV və radio kanallarında çoxsaylı verilişlər hazırlanıb, eyni zamanda süjetlər göstərilib, 10-dan çox prezentasiya olub".
"Agentlikdə müəllif-hüquq obyektlərinin nüsxələrinə yapışdırılan nəzarət markalarının fərdiləşdirilməsi üzrə elektron sistem yaradılıb, nəzarət markası yapışdırılan nüsxələrin Smart tipli mobil telefon vasitəsi ilə orijinallığını müəyyən edən "Track & Trace" sistemi quraşdırılıb. Artıq Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzində monitorinq, lisenziyalaşdırma və rəqəmli hüquqların idarəçiliyi sisteminin yaradılması üzrə işlər tamamlanma mərhələsinə çatdırılıb, interaktiv Tədris Mərkəzi fəaliyyətə başlayıb" – deyə, Kamran İmanov məsələ ilə bağlı fikirlərinə əlavə edib.
Agentlik tərəfindən erməni piratçılığına qarşı aparılan mübarizələrdən danışan sədr bildirib ki, xalqın ənənəvi mədəni nümunələrinin (folklor nümunələrinin) və ənənəvi biliklərinin sistemli şəkildə öyrənilərək hüquqi qorunması, erməni plagiatçılığının ifşa edilməsi istiqamətlərində Agentlik tərəfindən 2013-cü ildə "Erməni müəlliflərinin kitablarındakı uydurmalara "müəlliflik hüququ" mövzusunda konfrans Azərbaycan, ingilis və rus dillərində 43 sayt vasitəsilə on-line rejimdə birbaşa İnternetdə yayımlanıb: "Həmçinin folklor nümunələrimizin və müəllif əsərlərimizin ermənilər tərəfindən oğurlanması faktları barədə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT), YUNESKO və digər beynəlxalq təşkilatlara məlumatlar və etiraz məktubları göndərilib".
Onun sözlərinə görə, erməni saxtakarlıqlarını ifşa edən "Erməni yadelli nağılları" (müəllif Kamran İmanov) kitabı 2013-cü ildə Azərbaycan dilində nəşr edilib, rus və ingilis dillərində yenidən nəşr edilib və Xarici İşlər Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin xətti ilə yayılmış, elektron versiyası müxtəlif informasiya agentliklərinin saytlarında yerləşdirilib: "İnformasiya agentlikləri, yayım kanalları və digər KİV-lər vasitəsi ilə çoxsaylı materiallar yayılmış, erməni uydurmalarının ifşasına həsr edilmiş "Erməni tarixi uydurmalarının tarixinə giriş" adlı daha bir kitab (müəllif Kamran İmanov) çapa hazırlanıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB