Bu gün Heydər Əliyev Sarayında Ulu Öndərin anım mərasimi keçirilib FOTO

Bu gün Heydər Əliyev Sarayında Ulu Öndərin anım mərasimi keçirilib FOTO

Bu gün Heydər Əliyev Sarayında Ulu Öndərin büstü qarşısında anım mərasimi keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə öncə, Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən kitab stendinə baxış keçirilib.

Tədbiri Ulu Öndərin "Xalq bir çox xüsusiyyətlərilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir" sözləri ilə Heydər Əliyev Sarayının direktoru, Əməkdar Mədəniyyət İşçisi Fərhad Babayev açıb: "Müstəqil Azərbaycanın qurucusu və memarı, Ümummilli Lider, Ulu Öndər Heydər Əliyev bütün sahələrdə olduğu kimi xalqının böyük sərvəti hesab etdiyi milli mədəniyyətimizin inkişafı istiqamətində də misilsiz xidmətlər göstərmiş, tarixən zəngin olan mədəniyyətimizin bu günkü səviyyəyə yüksəlməsində əvəzedilməz rolu olub. Heydər Əliyev mədəniyyəti, xalqın böyük sərvəti hesab edirdi və Azərbaycan mədəniyyətinin inkişafını həmişə diqqət mərkəzində saxlayıb. Daima mədəni-mənəvi dəyərlərin qorunması, təbliği üçün mümkün olan hər şeyi edib. Ulu Öndər öz qurucusu olduğu, mədəniyyət ocaqları sırasında özünə məxsus yeri olan, ölkənin mərkəzi konsert salonu Heydər Əliyev Sarayına xüsusi sevgisi vardı. Dövlət işlərinin çox olmasına baxmayaraq, Heydər Əliyev saraya gəlir, qurultaylarda, konfranslarda, yubileylərdə iştirak edər, dərin, məzmunlu nitqi iştirakçıların alqışları ilə qarşılanardı. Hər zaman tədbir sonunda səhnə arxasında sənətçilərlə görüşüb, fikirlərini paylaşardı. Biz mədəniyyət işçiləri böyük fəxr hissi ilə deyə bilərik ki, bu gün Respublikamızda yerli və beynəlxalq tədbirlər, konsertlər, festivallar Ulu Öndərin rəhbərliyi ilə yaradılmış mədəniyyət ocaqlarında keçirilir".

Fərhad Babayev çıxışının sonunda bir daha bildirdi ki, Azərbaycan mədəniyyətinin bu gün nümayiş olunduğu əsas səhnə heç şübhəsiz ki, Heydər Əliyev Sarayıdı və bu sarayın adı onun məsuliyyət yükünü daha da artırır.

Sonda mərasim iştirakçıları müasir Azərbaycan dövlətinin qurucusu və memarını dərin hörmət və ehtiramla yad ediblər. Çıxış edənlər Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən, ölkəmizin inkişaf və tərəqqisi naminə gərgin əməyindən danışıblar.

Qeyd edək ki, tədbirdən sonra Heydər Əliyev Sarayının rəhbərliyi və kollektivi xalqımızın Ümummilli Liderinin Fəxri Xiyabandakı məzarını ziyarət ediblər. Heydər Əliyevin unudulmaz xatirəsinə bəslədikləri dərin hörmət və ehtiramın ifadəsi olaraq onun ruhu qarşısında baş əymiş, məzarı üzərinə tər çiçəklər düzüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə