Bakıda YUNESKO-nun sessiyası davam edir

Bakıda YUNESKO-nun sessiyası davam edir

Bakıda YUNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyası öz işini davam etdirib. SİA-nın verdiyi xəbərə görə, sessiya çərçivəsində günün birinci yarısında Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrliyi ilə növbəti iclas olub.
İlk olaraq sessiyada iştirak edən YUNESKO-nun keçmiş baş direktoru Koişiro Matsuranı salamlayan Əbülfəs Qarayev bildirib ki, bu günlərdə 10 illik yubileyini qeyd edəcəyimiz Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Konvensiyanın hazırlanmasında onun müstəsna xidmətləri olub.
İclasda YUNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin köməkçi qurumunun 2013-cü il üzrə fəaliyyətinə dair hesabatı dinlənilmiş və Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına salınmalı olan nominasiyalar nəzərdən keçirilib.

Nəzərinizə çatdıraq ki, tədbirdə hər bir nominasiya barədə ətraflı məlumat verilmiş, təqdim edilən faylların müvafiq tələblərə cavab verib-vermədiyi, bu nominasiyaların çatışmayan tərəfləri göstərilmiş və onlar ətrafında geniş fikir mübadiləsi aparılıb. Qaydalara cavab verən Monqolustan, Peru, Koreya Respublikası, Rumıniya-Moldova, Seneqal, Slovakiya, Makedoniya, Ukrayna, Venesuela və Vyetnama məxsus elementlər Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilib.

Həmin ölkələrin nümayəndələri ilk növbədə bu möhtəşəm tədbirə ev sahibliyi etdiyinə görə Azərbaycan hökumətinə minnətdarlıqlarını bildiriblər. Bildiriblər ki, siyahıya salınmış nümunələr xalqların öz mədəni irsinə olan sevgisini daha da artıracaq, millətlər arasında yeni mədəni körpülərin yaranmasına təkan verəcək.
Bir sıra ölkələrin siyahıya düşmüş mədəniyyət nümunələri fasilə zamanı canlı olaraq nümayiş olunmuş və iştirakçılarda böyük maraq doğurub.

Qeyd edək ki, YUNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyası işini günün ikinci yarısında davam etdirib.

Bütün xəbərlər Facebook səhifəmizdə