Gülxar Həsənovanın yubileyi keçiriləcək

Gülxar Həsənovanın yubileyi keçiriləcək

Dahi Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasının tamaşası keçiriləcək. SİA-nın verdiyi xəbərə görə, "Leyli və Məcnun"un bu dəfəki tamaşası mərhum sənətkar, xalq artisti Gülxar Həsənovanın 95 illik yubileyinə həsr edilib. Tamaşada əsas partiyaları xalq artistləri Nəzakət Teymurova (Leyli) və Mənsum İbrahimov (Məcnun) ifa edəcəklər.

Nəzərinizə çatdıraq ki, opera tamaşasını Əməkdar İncəsənət Xadimi Sevil Hacıyeva idarə edəcək. Xalq artisti Gülxar Həsənovanın yubileyi dekabrın 8-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında baş tutacaq.

Qeyd edək ki, Gülxar Həsənova səhnə fəaliyyətinə 1936-cı ildə Azərbaycan Gənc Tamaşaçılar Teatrında başlayıb. Melodik səsə malik istedadlı aktrisanın sonrakı taleyi Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsi ilə bağlı olub. O, burada parlaq, koloritli qadın obrazları yaradıb. 1980-cı ildən teatrın məşqçi-pedaqoqu olub.

Onun ifasında Əsli, Xanəndə qız ("Əsli və Kərəm", "Koroğlu", Ü.Hacıbəyov), Şahsənəm ("Aşıq Qərib" Z.Hacıbəyov), Təravət xanım ("Bahadır və Sona", S.Ələsgərov), Anna ("Gəlin qayası", Ş.Axundova) və digər partiyalar özünəməxsusluğu ilə seçilib.

Səhnə fəaliyyətini bitirən G.Həsənova milli muğam operasında gənc xanəndələrə ifaçılıq sənətinin sirrini öyrədir. Gülxar Həsənova Azərbaycan Respublikasının "Şöhrət ordeni" ilə təltif edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə