“Mirzə Kazımbəy irsi: tarix və müasirlik” FOTOLAR

“Mirzə Kazımbəy irsi: tarix və müasirlik” FOTOLAR

"Mirzə Kazımbəy irsi: tarix və müasirlik" beynəlxalq elmi konfransı Dünya Azərbaycanlıları Forumunun (DAF) təşəbbüsü və Kazan Federal Universitetinin ev sahibliyi ilə Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində "Mirzə Kazımbəy irsi: tarix və müasirlik" mövzusunda beynəlxalq elmi konfrans keçirilib. SİA-nın verdiyi xəbərə görə, konfransı Kazan Federal Universitetinin rektoru professor İ.R.Qafurov açmış, daha sonra həmin universitetin Beynəlxalq münasibətlər, Tarix və Şərqşünaslıq İnstitutunun direktoru, professor R.R. Hayrutdinov, Türkiyə Respublikasının Kazandakı konsulu Sabri Tunc, Sankt-Peterburq Universitetinin Şərq fakültəsinin professoru N.N.Dyakov, Dünya Azərbaycanlıları Forumunun sədri Dos.dr. Namik Murad təbrik nitqi söyləyib. Həmçinin Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlunun təbrik məktubu oxunub.

Konfransda Kanada, Fransa, Rusiya, Türkiyə, Liviya və Azərbaycan alimlərinin otuzdan artıq məruzəsi dinlənilib. N.N.Dyakov, A.Pılev, Xana Yafia Yusif Cəmil (Sankt-Peterburq), M.Massir (Fransa), P.M.Valeyev, M.Z.Zəkiyev, Y.Y.Qrişin (Kazan), İlyas Topsakal (Türkiyə), Vaqif Sultanlı, Əmir Pəhləvan (Azərbaycan) və başqa alimlərin məruzələrində Mirzə Kazımbəyin həyatı, ədəbiyyatşünaslıq irsi, dilçilik görüşləri, türkoloji araşdırmaları, islamşünaslıqla bağlı tədqiqatları araşdırılmış, onun yaradıcılığının başlıca aspektləri dəyərləndirilib. Konfransda Azərbaycanı Dünya Azərbaycanlıları Forumunun sədri Dos.dr. Namiq Murad, Bakı Dövlət Universitetinin professoru, yazıçı-ədəbiyyatşünas Vaqif Sultanlı, tanınmış yazıçı və kino-dramaturq Əmir Pəhləvan təmsil edib.

Konfransdan sonrakı bir həftə ərzində Tatarıstan, Marı El və Çuvaşıstan Respublikasında yaşayan Azərbaycan diasporunun nümayəndələri ilə çoxsaylı görüşlər keçirilmiş, onların qayğı və problemləri müzakirə olunub. Görüşlərdə soydaşlarımızın təşkilatlanması, ana dilində bazar günü məktəblərinin açılması, milli mətbuatın nəşri, Rusiya vətəndaşı olan azərbaycanlılar üçün viza şərtlərinin sadələşdirilməsi və başqa məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Dünya Azərbaycanlıları Forumunun təşəbbüsü ilə Mari Dövlət Universitetinin rektoru, prof.M.N.Şvetsovla görüş keçirilmiş, görüşdə 2014-cü ilin may ayında sovet dövrü repressiya qurbanlarına həsr olunmuş beynəlxalq konfrans keçirilməsi ilə bağlı ilkin razılıq əldə olunub. 1938-ci il repressiya qurbanlarından biri də, 30-cu illərdə Mari vilayətinin partiya təşkilatının 1-ci katibi olmuş, milliyyətcə azərbaycanlı olan Əliheydər Şirvanidir.

DAF nümayənə heyətinin Volqaboyuna səfəri zamanı, həmçinin Çuvaşıstan Respublikasının paytaxtı Çeboksarıda böyük Azərbaycan şairi Nizami Gəncəvinin abidəsi ziyarət olunmuş, Tatarıstanın Bulqar şəhərinin xarabalıqlarında yaradılan yeni muzey kompleksinə baş çəkilmiş, Tatarıstan nazirlər kabinetinin şöbə müdiri, yazıçı Həlimyan Gilmanovla və Tatarıstan xalqları assambleyasının icra şurasının rəhbəri Nikolay Vladimirovla görüşlər keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə