Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru Böyük Britaniya rejissoru ilə görüşüb
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, Respublikanın əməkdar Artisti, ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin prezidenti Mabariz Həmidov British Council Azərbaycan nümayəndəliyinin Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlığı çərçivəsində həyata keçirdiyi "Teatr əməkdaşlığı" layihəsinin növbəti mərhələsini reallaşdırmaq üçün Böyük Britaniyalı teatr xadimi, yazıçı, tərcüməçi və teatr rejissoru Yan Vilyem Van Den Bohla görüşüb. Gənc Tamaşaçılar Teatrından SİA-ya verilən məlumata görə, görüş zamanı "Azərbaycan Teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramına uyğun olaraq ölkə teatrlarında çalışan kadrların ixtisaslarının beynəlxalq standartlar səviyyəsində təkmilləşdirmək məqsədi ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında reallaşacaq yeni layihənin detalları müzakirə olunub və razılığa gəlinib ki, layihə çərçivəsində noyabrın 26-dan –dekabrın 8-dək Yan Vilyem Van Den Bohun Gənc Tamaşaçılar Teatrının aktyor və rejissorları ilə təlimi və noyabr ayının 28-dən – 5 dekabr tarixlərinədək Liza Kukun iştirakı ilə ölkəmizin müxtəlif teatrlarından 20-ə yaxın səhnə dizaynerlərinə təlim keçiriləcək.
Nəzərinizə çatdıraq ki, Yan Vilyem bir sıra mükafatlara layiq görülmüş yazıçı, tərcüməçi və rejisordur. O Birləşmiş Krallıqda tamamilə fərqli sahələrə aid olan Bristol Old Vic, Volcano, Graeae, Shakespeare's Globe, Shunt, Lyric Hammersmith, Shared Experience və Almeida teatrında fəaliyyət göstərib. O, uzun illər Complicitinin təsisçi üzvlərindən biri olan Ketrin Hanterin idarəedici köməkçisi olub. Eyni zamanda, o, British Council ilə geniş əməkdaşlıq edərək Rusiya, Sloveniya, Latviya, Slovakiya, Çex Respublikası, Çin və Almaniyada yüksək uğurlar əldə edib. 2002-ci ildə Slovakiyanin Kosiçə dövlət teatrında onun səhnəyə qoyduğu "Patrick Marber's Closer" mövcüd 7 Slovak Kritiklərinin "Dosky" mükafatının 6-na layiq görülüb.
Təlimlərdən sonra 2014-cü il yanvar ayının 10-dan Britaniyalı rejissor Yan Vilyem Van Den Boh Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti ilə birgə Maykl Mak Donaxın "Linenin trilogiyası" əsasında "Gözəllik ilahəsi", "Qəbirstanlıq sakinləri" və "Yazıq qərb" adlı tamaşaların hazırlıq prosesinə başlayacaq.
Sözügedən növbəti Beynəlxalq layihədə Azərbaycanda ilk olaraq eyni tamaşaçının 3 gün ərzində trilogiyanın tərkibində olan 3 yeni tamaşa ilə tanış olmaq imkanı olacaq.
Qeyd edək ki, tamaşanın ilk təqdimatı 2014-cü ilin mart ayında Milli Teatr günündə nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB